Simvolu bayquş olan “Sabah” klubunun Premyer Liqanın damına səssiz qonması da futbolumuzun şəriksiz ağasına çevrilmiş Qurban Qurbanov və komandası üçün bədbəxtliyin müjdəsi imiş. Bu mövsüm “bayquşlar” Ağdam klubunun əsl lənətinə çevrildilər. Onların yüksəlişi “Qarabağ”ın çöküşünün rəmzinə çevrildi....Dambrauskasın “Qarabağ”la oyunlarda etdiyi əvəzetmələr, Qurbanovun illərdir etdiyi standart və vərdiş etdiyimiz əvəzetmələrin fonunda həddən artıq nəzərə çarpırdı. Qurbanovun əvəzetmələrini orta statistik azarkeş asanlıqla proqnoz verdiyi halda, Dambrauskas hər oyunun gedişinə və mahiyyətinə uyğun dəyişiklik edərək nəticəyə təsir etməyi bacarırdı.
...“Sabah”la kubokun yarımfinal oyununun sonunda bəlkə də hakim penalti verə bilərdi. Bu elə bir epizod idi ki, “Qarabağ” azarkeşləri üçün penalti idi, “Sabah” azarkeşləri üçünsə yox və hər iki tərəf də arqument tapa bilərdi. Amma gəlin etiraf edək ki, Koxalski meydandan qovulduqdan sonra Qurbanovun komandası oyunda dar ağacına aparılan məğrur məhkuma bənzəyirdi. Başını qaldırıb şəstlə ətrafa baxır, keçmiş əzəmətinə güvənmək istəyir, amma işinin çətin olduğunu anlayırdı.
...“Qarabağ” rəqibin o sürətli hücumunu buraxanda, Koxalskini qurban verəndə artıq uduzmuşdu. “Qarabağ” sağda, mərkəzdə Maludanın qarşısında aciz qalanda və buna qarşı immunitet yoxluğu yaşayanda uduzmuşdu, “Qarabağ” Maludanın iki “Qarabağ”lını uşaq kimi aldadıb keçərək qol epizodu yaradanda uduzmuşdu. Və ən nəhayət, “Qarabağ” mövsümə başlayanda artıq uduzmuşdu. Niyə?
...Əvvəllər həddən artıq ərköyün Elvin Cəfərquliyevlə, əvəzedici kimi heyəti gücləndirə bilməyən Abbas Hüseynov, Musa Qurbanlı və Şahruddin Məhəmmədəliyevlə, həddən artıq yüksək tempə və gərgin qrafikə tab gətirməyən 35 yaşlı “qoca” Abdullah Zubirlə Avropada bir yerə qədər gedib, ölkədə rahatca çempion olmaq mümkün idi. Amma azacıq rəqabət yaranan kimi bu mümkün olmadı və bunu əvvəlcədən görməmək strateji yanlışlıqdır, səhvdir və sayıqlığın, reallıq hissinin itirilməsi deməkdir. Tarix boyu imperatorlar məhz bu səbəbdən taxt-taclarını itirmişlər.
çap et