Vaxt.Az

30 yaşlı “Topal Teymur”


 

Xalq artisti: «O tamaşaya görə mənim özümə cəmi 95 manat qonorar verdilər»

30 yaşlı “Topal Teymur” 21 iyun 1983-cü il. «Topal Teymur» televiziya tamaşası 30 il əvvəl - məhz bu tarixdə efirə çıxıb. Teletamaşa ilk andan böyük maraq doğurub. Tamaşanın quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu “Topal Teymur”un çəkilişləri, aktyor seçimi və s. məqamları “Kaspi” üçün vərəqləyir.

Hamletin Topal Teymuru

- “Topal Teymur”un çəkilməsi sizin öz ideyanız idi?

- Bir dəstə adam idik. Bu ideyanı bizə o vaxt televiziyanın teleteatr şöbəsinin rəhbəri işləyən Həbibə Məmmədxanlı verdi. O vaxta qədər Azərbaycan Televiziyası quruluş sahəsində uğurlara imza atmışdı. Rauf Kazımovski, Ağaəli Dadaşov, Arif Babayev kimi gözəl rejissorların böyük əməyi vardı. Onlardan sonra gələn nəslin içərisində biz də vardıq. Həmin ərəfədə Mərkəzi Komitə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planının icrasından ötrü qərar verdi. O cümlədən, televiziyaya da şairin yaradıcılığının populyarlaşdırılması ilə bağlı tapşırıqlar verildi. Mən artıq o vaxt bir rejissor kimi özümü təsdiq etmişdim. «Mən, sən, o və telefon», «Evləri köndələn yar», «Ötən ilin son gecəsi», «Qatarda» və s. tamaşalarla özüm haqqında rəy yaratmışdım.
Həbibə xanımın təklifi ilə Hüseyn Cavidin dram əsərlərini yenidən oxudum. Təbii ki, Cavid dramaturgiyasının əsas hissəsi nəzmlə idi. Ona görə o vaxt bu əsərlərə o qədər də yaxın düşə bilmədim. Amma nəsrlə yazılan «Topal Teymur» diqqətimi cəlb etdi. Bu, realistik-dramaturji məqamların üzərində qurulan əsər idi və dialoqları da anlaşılırdı. «Topal Teymur» hələ Cavid sağ ikən – 1926-cı ildə bir dəfə teatrda səhnəyə qoyulmuşdu. Ancaq tamaşa üç dəfə oynanandan sonra dayandırılmışdı. Hesab edirdilər ki, uğursuz alınıb. Baxmayaraq ki, Sidqi Ruhulla, Abbasmirzə Şərifzadə kimi böyük aktyorlar həmin tamaşada oynamışdı, ancaq bu, sənətdir, uğuru qabaqcadan proqnozlaşdırmaq çox çətindir.
Turan Cavid bu məsələdə bizim məsləhətçimiz oldu və Cavidin dilinə müasir gözlə diqqət yetirdi. Yəni o zaman Azərbaycan ədəbi dilində olmayan müəyyən ifadələri bir qədər ədəbi dilə uyğunlaşdırdı. Amma Cavidin ruhunu saxladı. 1982-ci ildə əsər üzərində iş başlandı.

- Aktyorların seçiminə necə qərar verdiniz?

- Ümumiyyətlə, hər bir rejissorun uğuru iki amildən ibarətdir: əsər seçmək və aktyor tapmaq. Mən gözümün qabağından kimləri keçirmədim? Mehdi Məmmədov ürəyimdən keçdi. İkinci namizədim Məmmədrza Şeyxzamanov idi. Amma bu seçim məni qane etmirdi. Nədən ki, Şeyxzamanovun çöhrəsində daim bir xeyirxahlıq işığı yanırdı. Hərçənd rejissor yozumundan asılı şəkildə bu aktyor Teymurləngin bədii obrazları qalereyasında tamam fərqli Topal ola bilərdi. 1982-ci il yanvarın 23-də daha üç aktyorun soyadı Topal Teymur roluna namizəd kimi göstərildi: Həsənağa Turabov, Hamlet Xanızadə, Fazil Bayramov. Həmin qeyddə üstünlüyü Həsən Turabova verirdim. Faktura baxımındansa ürəyimcə olan Topal Fazil Bayramov idi. Ən nəhayət, Hamlet Xanızadənin üzərində dayandım. Mənə elə gəlir ki, yanılmadım.
Tamaşanı çəkməmişdən əvvəl müxtəlif mənbələrə, arxivlərə üz tutdum. Məşhur antropoloq Gerasimov Teymurun kəlləsi əsasında onun üz cizgilərini bərpa etmişdi. Hamlet Xanızadənin portret qrimi onun əsasında quruldu. Tamaşanın çəkilişləri fasilələrlə bir ay davam etdi. Rol bölgüsündə müəyyən dəyişikliklər oldu. Tutaq ki, mən orda Fuad Poladovu görmək istəyirdim. Hətta, ona bir rol da təklif etdim. Başqa tamaşada məşqi olduğu üçün imtina etdi. Amma əslində onun ürəyindən Hamlet Qurbanovun rolu – İldırım Bəyazid keçirdi. Ancaq o, efirdən Hamletin oyununa baxandan sonra «Hamlet çox gözəl oynadı» - dedi. Bu elə bir dövr idi ki, Azərbaycan Dram Teatrında Mehdi Məmmədov Cavidin “İblis” əsərini hazırlayırdı və o tamaşada da Hamlet Xanızadə baş rolu oynayırdı. Hamlet iki yerə parçalanırdı. O, məşqlərdən çıxıb mənim çəkilişlərimə gəlirdi. Elə Hamlet Qurbanov da o tamaşada oynayırdı. Hətta Mehdi müəllim Cavidə məhəbbətdən irəli gələn bir tövsiyə ilə: «Hamlet, sən eyni vaxtda iki böyük əsərdə iştirak edirsən. Bu, böyük məsuliyyətdir» demişdi. Ancaq Hamlet o məsuliyyəti hiss edirdi. Hesab etsək ki, Yusif Vəliyev Azərbaycan kino sənətində çox gözəl Teymur Ləng obrazını yaratmışdı və elə bir aktyordan sonra eyni obrazı yaratmaq böyük məsuliyyət idi. Mənə elə gəlir ki, Hamlet bu yükün altından kifayət qədər üzüağ çıxdı.

- Sizcə, onun Topal Teymuru uğurlu alındı, yoxsa İblisi?

- Hər ikisi çox gözəl idi. Çünki hələ Cavidi sevənlər və onun əsərlərini əzbər deyənlər həyatda idilər. Ola bilsin ki, onlar romantik üslubla oynanan əsərlərin aktyor oyununda onu gözləyirdilər və Hamletin oyunu da elə bil onların ürəyindən idi. Axı Hamlet bir qədər romantik teatrın nümayəndəsi idi.

- Məşq proseslərindən yadınızda qalan maraqlı anlar da çox olub, yəqin.

- Bu əsərin ortaya çıxmasında böyük bir komanda işləyirdi. Bəstəkar Cavanşir Quliyev, quruluşçu rəssam Rəfael Əsədov, quruluşçu operator Eldar Məmmədov idi. Əlimə keçən bir broşürdə Rafiq Zəka Xəndanın Hüseyn Cavid dramaturgiyası ilə bağlı “Peyğəmbər”dən «Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü» misraları məni tutdu və bu barədə Cavanşir Quliyevə danışdım. O, artıq tamaşanın musiqisini işləməyə başlamışdı. İlk və bəlkə də yeganə hal idi ki, tamaşanın musiqisi tamaşa çəkilməmişdən təxminən bir əl əvvəl yazıldı. Mənə elə gəlir ki, bu, Cavanşir Quliyevin yaradıcılığında tamaşaya yazdığı musiqilərin içində ən uğurlusu oldu. Bu, həm də yeganə tamaşadır ki, mən orada anam Ətayə xanımla iştirak etmişəm. O, kəndli qadın obrazını oynayırdı.
O zaman Azərbaycan Televiziyasının məşqlər üçün imkanları məhdud idi. Biz müxtəlif teatrlarda, əsasən də «Muzkomediya»da məşq edirdik. Özü də əksər vaxtı səhərlər. Ayrı vaxt imkan nə gəzirdi ki… Həm də təkcə bu tamaşanı çəkmirdim, verilişlər də hazırlayırdım. Mən ümumiyyətlə, məşqlərə gecikməyi sevməyən rejissoram. Aktyorların da gecikməsini sevmirəm. Amma Məmməd Sadıqov adlı bir aktyor vardı və o, İldırım Bəyazidin sarayında Xacə rolunu oynayırdı. O, tamaşalara həmişə tez gəlirdi. Mən ha çalışırdım ki, ondan tez gəlim, yenə də alınmırdı. Hətta bir dəfə məqsəd qoyub 40 dəqiqə tez gəldim. Nə görsəm yaxşıdır? Gördüm ki, o, teatrın qarşısında gəzişərək məni gözləyir. Köhnə aktyor məktəbinin ənənələrinə məəttəl qaldım.

«Topal Teymur»la başlayan yol

- “Topal Teymur”un təqdimatı necə qarşılandı?

- Mübaliğəsiz deyə bilərəm ki, çox böyük coşqunluqla keçdi. Bu, təkcə tamaşanın effektindən irəli gəlmirdi. Bu, Cavidə xalqın məhəbbətindən irəli gəlirdi. Bu sanki repressiya illərində repressiyaya uğramış talelərə olan münasibətin müəyyən bir eyforiyası idi. Yəqin ki, tamaşa da öz parametrləri ilə tamaşaçıların təsəvvürlərinə müəyyən bir qida vermişdi. Bu mənada təbii ki, mən də, tamaşanı ortaya çıxaran kollektiv də özümüzü çox xoşbəxt hiss edirdik. Mehdi Məmmədov gəlib tamaşaya baxdı və təqdimatda çıxış etdi. Belə bir fakt var: 1941-ci il iyunun 21-də Səmərqənddə Teymur Ləngin qəbrini açıblar. Bizim də tamaşamız 42 il sonra, iyunun 21-də efirə getdi. Sonradan ayıq başla özüm üçün araşdırdım ki, nə üçün tamaşa belə bir sevgi ilə qarşılandı? Mənə elə gəlir ki, bu uğurun əsas səbəblərindən biri o vaxta qədər televiziyanın hələ özünü sənət ocağı kimi təsdiq etməməsi ilə bağlı idi. Artıq televiziyanın yaradıcı potensialı, texniki imkanları elə bir şərait yaratdı ki, biz bu səpkidə əsər ortaya çıxara bildik.
Azərbaycan Televiziyası istər-istəməz sənət meydanına çevrilməyə başladı. Televiziyanın bir sıra uğurlu tamaşaları məhz o illərdə üzə çıxdı. Onların arasında mənim çəkdiyim «Ordan-burdan», «Günahsız Abdulla», Tariyel Vəliyevin, Lütfi Məmmədbəyovun, Məhərrəm Bədirzadənin quruluş verdiyi tamaşalar artıq auditoriyanın diqqətini cəlb etməyə başladı. Bu mənada, Azərbaycan Televiziyasında fundamental əsərlərin qoyuluşu «Topal Teymur»la başladı. Yenə də təkrar edirəm, ondan əvvəl də cəhdlər olmuşdu. Ancaq istər texniki, istərsə də maddi-texniki parametrlərə görə o səviyyəyə yaxınlaşa bilmədilər. Çünki uğurlu yaradıcılıq müəyyən şərtlərlə meydana çıxmalıdır. «Topal Teymur» tamaşası da münbit bir şəraitdə meydana çıxdı.
Ovaxtkı studiyanın rəhbəri Elşad Quliyev idi. Biz o zaman totalitar dövlətin üzvü idik – SSRİ dağılmamışdı. Eşitdiyimə görə, Azərbaycan Televiziyası rəhbərliyinin «Topal Teymur»a üz tutması yuxarı dairələrdə o qədər də təqdir olunmurdu. Bəlkə onun buna görə başı da ağrıdı. Buna baxmayaraq, bu tamaşa getdi və indiyə qədər öz həyatını yaşayır. Biz sanki gözümüzün qarşısında Azərbaycan mədəniyyətinin və tarixinin bir parçasını yaşadıq. Bu mənada «Topal Teymur» tamaşası mənim üçün hesabat nöqtəsi idi. Bizə müvəffəq oldu ki, tamaşaçıları televiziyanın sənət ocağı olmasına inandıraq. Təxminən 4 il bundan əvvəl tamaşanı yenidən bərpa etdik. Tamaşanın bütün rənglərini, səsini yerinə qaytardıq.

- Aktyorların kostyumlarını haradan əldə edirdiniz? Onların qonorar məsələləri necə həll olunurdu?

- O zaman bizim maddi-texniki bazamız güclənsə də, o dərəcədə deyildi ki, bütün geyimləri özümüz təmin edək. Ona görə də xeyli materialları kinostudiyadan gətirmişdik. Ondan 10-12 il sonra biz «Fatehlərin divanı»nı və «Nigarançılıq» tamaşalarını ortaya çıxaranda oradakı kostyumların hamısını özümüz hazırladıq. Bəzilərini də Türkiyədən gətirtdik. Zaman baxımından «Topal Teymur» teletamaşası 2 saat 45 dəqiqəyə sığışırdı: birinci hissə 70 dəqiqəyə tamamlanırdı, ikinci hissə 95 dəqiqəyə. Bu, Azərbaycan televiziya mədəniyyəti tarixində görünməmiş hadisə idi. Bu, həm böyük zəhmət tələb edirdi, həm də böyük məsrəflər. Mənim özümə «Topal Teymur»a görə cəmi 95 manat qonorar verdilər. Bu, çox az idi. Tutaq ki, mən adi bir verilişin ssenari müəllifi olanda ona görə ən azı 150 manat pul alırdım. Qonorarım verilişdən çıxırdı, məşqlərə pul vermirdilər.
O zamanlar quruluş haqqı çox yüksək deyildi. Aktyorların da qonorarı çox deyildi. O zaman çox az şeyə qane olur və buna da şükür edirdilər. Aktyorlar hər halda biz rejissorlardan çox alırdılar. İndiki qonorarlar o vaxt yox idi.

- Eyniadlı film çəkmək arzusu sizdə yaranmadı?

- Çox qəribədir ki, bizdə müəyyən tabular var: bu sahədən o sahəyə keçmək olmaz, teatr rejissoru teatrda qalmalıdır, aktyor rejissorluqla məşğul ola bilməz, televiziya rejissoru kinoda iş görə bilməz və s. Ayrı-ayrı vaxtlarda o tabuları qıran adamlar vardı. Bu mənada «Topal Teymur» fikirlərdə bir qədər dəyişiklik elədi. Mən özümə qarşı dəyişikliyi onda hiss etdim. O vaxtlar mənə kinostudiyadan bir sıra təkliflər gəlməyə başladı. Ancaq bu təkliflərin arxasında ciddi maraq olmadığına görə elə söhbət şəklində də qaldı. Ona görə mənim kinoya gəlişim 1998-ci ilə qədər uzandı.

- Bu, hamını maraqlandıran bir sualdır: niyə bu gün o cür tamaşalar çəkilmir?

- Çünki o dövr yoxdur. Tamaşaçının qavrayışı dəyişdi. Şouya həddindən artıq yer ayrıldı. Mən bilmirəm bu, yaxşıdır, yoxsa pis. Amma o vaxtkı sənət indi yoxdur. O vaxtkı sənətə münasibət də yoxdur. Əgər dünya bu cür dəyişirsə, mən belə dəyişikliyin əleyhinəyəm. Dünya dəyişdikcə saflaşmalı idi. Təəssüf ki, bu, baş vermədi.
Çox qəribədir ki, bu sualı sadə insanlar, o tamaşaları görən, müqayisə edə bilən tamaşaçılar da verirlər. Çox istərdim ki, yaradıcı insanlar üçün elə bir imkan olsun ki, onlar sağa-sola baxmasınlar, öz sənətlərinin hesabına irəli gedə bilsinlər. Sənəti sənətdən başı çıxan adamlar idarə etməlidir. Amma təəssüf ki, bu, həmişə belə olmur.

 





21.06.2013    çap et  çap et