Zəbari ölkədəki gərgin vəziyyətlə əlaqədar ərəb ölkələrinin xarici işlər nazirləri ilə görüşüb. Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan görüşdə Zəbari İraqı parçalamağa çalışan qüvvələrə qarşı mübarizədə ərəb ölkələrinin dəstək göstərməsini istəyib.
«Əlbəttə, hökumətin əsas prioriteti strateji mövqelərə qarşı edilən hücumların qarşısını almaq və əks-hücum etmək üçün vaxt qazanmaqdan ibarətdir. Hökumət silahlıların mövqelərinə hava zərbələri endirməsi üçün Amerika Birləşmiş Ştatlarına müraciət edib. Bu, müraciət İraqla Amerika arasında əldə olunan strateji əməkdaşlıq razılaşmasına əsasən edilib».
Zəbari etiraf edib ki, hərbi əməliyyatlar məsələnin yeganə həll yolu deyil. Onun sözlərinə görə, hökumət daha radikal və siyasi qərarlar qəbul etməklə problemlərin həllinə çalışmalıdır.
Amerika Birləşmiş Ştatlarının isə, İraqa hərbi müdaxilə edəcəyi real görülmür. Ölkənin müdafiə naziri Çak Heyqelin açıqlamaları belə deməyə əsas verir.
«Biz İraq üçün əlimizdən gələni etmişik. Ölkədəki zorakılıqların qarşısını almaq məsuliyyəti İraq xalqının üzərinə düşür. İraqlılar özləri öz ölkələrini idarə etmək istəyirdilər. Buna görə Amerikanı günahlandırmaq doğru deyil. İraq hökuməti heç bir zaman sünni, şiə və kürdləri bir araya gətirə bilməyib».
ABŞ dövlət departamentinin məbuat katibi Cen Saki Amerika hökumətinin məsələyə milli təhlükəsizlik maraqları çərçivəsində münasibət göstərəcəyini bildirib.