Vaxt.Az

Üçüncü aviadaşıyıcı Yaxın Şərqə çatdı


 

Bununla bölgədəki ABŞ hərbçilərinin sayı 40 mini keçdi

Üçüncü aviadaşıyıcı Yaxın Şərqə çatdı ABŞ-nin “USS George H.W. Bush” aviadaşıyıcısı dünən axşam Yaxın Şərqə çatdı.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən verilən məlumata görə, “USS George H.W. Bush” aviadaşıyıcısı aprelin 23-dən etibarən zonaya daxil olub və hazırda Hind okeanında fəaliyyət göstərir. Məlumat qurumun sosial şəbəkə hesabında yayılan açıqlamada təsdiqlənib.

Bildirilib ki, döyüş təyyarələri ilə yüklənmiş aviadaşıyıcının bölgəyə göndərilməsi ABŞ-ın Orta Şərqdə hərbi mövcudluğunu gücləndirmək məqsədi daşıyır və bu addım bölgədə ABŞ-ın hərbi imkanlarının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Məlumata görə, “USS George H.W. Bush” aviadaşıyıcısı bölgəyə zərbə qrupu tərkibində göndərilib. Bu qrupa aviadaşıyıcı ilə yanaşı ən azı üç idarəolunan raket esminesi — “USS Ross”, “USS Donald Cook” və “USS Mason”, eləcə də təminat gəmisi “USNS Arctic” daxildir. Aviadaşıyıcının göyərtəsində təxminən 60–90 döyüş təyyarəsi və helikopter yerləşir, zərbə qrupunun ümumi şəxsi heyəti isə 6–7 min nəfərdən çoxdur.

“USS George H.W. Bush”la birlikdə Yaxın Şərqdə fəaliyyət göstərən ABŞ aviadaşıyıcılarının sayı üçə yüksəlib. CENTCOM-un məlumatına görə, hazırda bölgədə yerləşdirilən digər aviadaşıyıcılar — “USS Gerald R. Ford” və “USS Abraham Lincoln” strateji xətt boyunca, o cümlədən Qırmızı dəniz istiqamətində fəaliyyət göstərir.

Qeyd olunur ki, hər aviadaşıyıcı bölgədə müstəqil zərbə qrupları ilə birlikdə xidmət aparır ki, bu da ABŞ-ın hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirir.

Üçüncü aviadaşıyıcının bölgəyə göndərilməsi ABŞ və İsrailin İranla bağlı hava zərbələrini dayandıran atəşkəsdən təxminən iki həftə sonra baş verib.

Məlumata görə, hazırda bölgədə fəaliyyət göstərən aviadaşıyıcılardan biri — dünyanın ən böyük aviadaşıyıcılarından hesab edilən “USS Gerald R. Ford” yaxın vaxtlarda yenidən aktiv xidmətə qayıdıb.

Belə ki, 12 mart tarixində gəminin camaşırxana bölməsində baş verən yanğından sonra o, təmir məqsədilə Xorvatiyaya göndərilmişdi. Təmir işləri başa çatdıqdan sonra aviadaşıyıcı yenidən əməliyyat zonasına qayıdıb.

Təxminən 10 aydır açıq dənizlərdə xidmət aparan “USS Gerald R. Ford” bundan əvvəl Karib hövzəsində narkotik qaçaqmalçılığına qarşı əməliyyatlarda və sanksiya tətbiq olunan neft tankerlərinin ələ keçirilməsi əməliyyatlarında iştirak edib.

Hər bir aviadaşıyıcının zərbə qrupu ilə birlikdə minlərlə hərbçini əhatə etdiyi nəzərə alınarsa, hazırda bölgədə yerləşən üç ABŞ aviadaşıyıcısı və onları müşayiət edən qüvvələrin ümumi sayı təxminən 18–22 min nəfər qiymətləndirilir. Regiondakı digər hərbi bazalar və xüsusi təyinatlı bölmələr də daxil edildikdə isə ABŞ qüvvələrinin ümumi sayının 40–60 min nəfər arasında olduğu ehtimal edilir.

 





24.04.2026    çap et  çap et