Vaxt.Az

Bir nəslə tütün qadağası


 

Avropa ölkəsində 2009-cu ildən sonra doğulanlar bir daha siqaret çəkə bilməyəcək

Bir nəslə tütün qadağası Böyük Britaniya parlamenti 2009-cu il yanvarın 1-dən sonra doğulan şəxslərə siqaret satışını ömürlük qadağan edən qanunu təsdiqləyib. Qərara əsasən, bu nəsillər gələcəkdə yaş həddi artsa belə, ölkədə qanuni şəkildə siqaret ala bilməyəcəklər.

VAXT.AZ “The Guardian”a istinadən xəbər verir ki, qanun tütün məhsullarına çıxışla bağlı sistemi mərhələli şəkildə sərtləşdirir. Belə ki, minimum yaş həddi hər il avtomatik artırılacaq və bu, uzunmüddətli olaraq “siqaretsiz nəsil” formalaşdırmaq məqsədi daşıyır.

Eyni qanunda elektron siqaretlərə (veyp) də ciddi məhdudiyyətlər tətbiq olunur. 18 yaşdan aşağı şəxslərə veyp və nikotin tərkibli məhsulların satışı qadağan edilir. Eyni zamanda reklam, mağazalarda açıq nümayiş, endirim kampaniyaları və pulsuz paylanma da məhdudlaşdırılır. Ölkədə artıq 2024-cü ildə birdəfəlik elektron siqaretlərin satışı da qadağan olunmuşdu.

Rəsmi rəqəmlərə görə, Böyük Britaniyada siqaret hər il təxminən 64 min ölümə və 400 min müalicəyə səbəb olur. Səhiyyə sisteminə düşən illik yük isə təxminən 3 milyard funt səviyyəsində qiymətləndirilir. Hazırda ölkədə böyüklərin təxminən 10%-i veyp istifadə edir və onların bir hissəsi keçmiş siqaret çəkənlərdir.

Səhiyyə naziri Ues Stritinq bu qərarı “tarixi addım” adlandıraraq, ölkədə siqaretsiz nəsil yaranacağını bildirib. Hökumət hesab edir ki, bu addım həm gənclər arasında nikotin asılılığını azaldacaq, həm də uzunmüddətli səhiyyə xərclərini aşağı salacaq.

İstənilən halda, qanun artıq Avropada tütün siyasətində ən sərt yanaşmalardan biri kimi qiymətləndirilir və digər ölkələrdə də oxşar modellərin müzakirəyə çıxarılması gözlənilir.

 





24.04.2026    çap et  çap et