Vaxt.Az

Eyni hotel, eyni qorxu


 

Reyqandan Trampa – 45 ilin kabusu

Eyni hotel, eyni qorxu Bəzi binalar tarixə şahid olmur – tarixi özündə yaşadır. “Washington Hilton” da onlardan biridir. Bu hotel iki nəslin yaddaşına həkk olunmuş iki dəhşətli anın ünvanıdır. Aralarında 45 il var. Amma qorxu eynidir.

VAXT.AZ həmin hotellə bağlı axtarış verərkən iki oxşar hadisəyə rast gəldi. İki prezident, iki sui-qəsd, eyni bina.

 

1981 – güllə prezidenti yıxdı

 

30 mart 1981-ci ildə Prezident Ronald Reyqan “Washington Hilton”da 5000 nəfərlik auditoriya qarşısındakı çıxışını yenicə bitirmişdi. Kütlə alqışlayır, kameralar çəkir, hər şey adi görünürdü. Və qəfil silah səsi hər şeyi dəyişdi. Kütlənin arasında gizlənən Con Hinklinin revolverindən atılan altı güllə havada uçdu. Reyqan yerə yıxıldı. Güllələrdən biri polis məmuruna və digəri Məxfi xidmət əməkdaşına dəydi. Mətbuat katibi Ceyms Bredi də ağır yaralandı. Amerika xalqı nəfəsini tutdu. Ölkə donub qaldı.

Güllələrdən biri prezident Reyqanın sinəsinə dəymişdi. Məxfi xidmət əməkdaşları yaralı prezidenti dərhal limuzinə itələyərək qan içində Corc Vaşinqton Universitetinin xəstəxanasına apardılar. Həkimlər saatlarla əməliyyat masasında onun həyatı üçün mübarizə apardı və Reyqan sağ qaldı. Hinkli isə hadisə yerində həbs olundu. Bu an təkcə bir hücum deyildi – bu, Amerikanın ürəyinə endirilmiş zərbə idi.

Həmin hadisənin ardından heç nə əvvəlki kimi olmadı. Prezident mühafizəsi yenidən yazıldı.

O gündən bəri yerli sakinlər “Washington Hilton”u “Hinkli Hilton” adlandırır. Bu hotel Amerikanın siyasi yaddaşında əbədi qara bir ləkə kimi qaldı.

 

2026 – tarix təkrarlandı

 

45 il sonra. Eyni hotel. Eyni dəhlizlər.

2026-cı ilin 25 aprel axşamı saat 20:30-da Donald Tramp və xanımı Melania “Ağ Ev müxbirlər axşamı” çərçivəsində “Washington Hilton”un nəhəng zalında qonaqlara xoş sözlər deyirdilər. Masalar bəzənmişdi, şərab qədəhləri parıldayırdı, gülüşlər havada asılı qalmışdı. Birdən – partlayış. Tam həmin anda hotelin kənarında 31 yaşlı Kole Tomas Allen əlində ov tüfəngi ilə təhlükəsizlik bariyerindən keçərək içəri girməyə çalışmışdı. Məxfi xidmət əməkdaşları onu ziyafət zalına çatmadan zərərsizləşdirdi.

Hər şeyin alt-üst olduğu an. Bayram süfrəsi dəhşət səhnəsinə çevrildi. Silah səslərindən panikaya düşən qonaqlar qışqırmağa, zaldan qaçmağa başladı. Bəziləri ayaqlar altında qaldı. “Yerə yatın!” – bu səs bütün zalda əks-səda verdi. Təhlükəsizlik qüvvələri səhnədəki prezidenti və xanımını dərhal təxliyə etdi.

Tramp sonradan bildirdi ki, ilk eşitdiyi səsin yerə düşən nimçədən gəldiyini düşündü. Məxfi xidmət prezidenti arxa dəhlizlər vasitəsilə təhlükəsiz zonaya apardı.

Hadisədən təxminən bir saat sonra Tramp Ağ Evdə mətbuat konfransı keçirdi. Çıxış etdiyi otaq da simvolik idi – 1981-ci il hücumunda ağır yaralanan mətbuat katibi Ceyms Bredinin adını daşıyan brifinq zalı.


Maraqlı təfərrüat


Donald Tramp hər il ənənəvi keçirilən bu tədbirə altı dəfə dəvət olunmuş, amma həm birinci, həm də ikinci prezidentlik dövründə – ümumilikdə beşini rədd etmişdi. Yəni nə birinci prezidentlik dövründə 2017–2021, nə də ikinci dövründə 2025-ci ilə qədər bir dəfə belə gəlməmişdi. Lakin ilk dəfə 2011-ci ildə “Ağ Ev müxbirlər axşamı”nda zalda qonaq kimi oturmuşdu. Məhz həmin gecə Barak Obamanın məşhur “mikrofonu yerə atma” hadisəsi baş vermişdi.

25 aprel 2026-cı il isə Trampın prezident kimi ilk dəfə “Washington Hilton”a ayaq basdığı gecə oldu. Və tarix özünü gözlənilməz şəkildə təkrarladı.

 

Fərq var, amma qorxu eynidir

 

İki hücum arasındakı əsas fərq təhlükəsizlik sistemindədir. 1981-ci ildə Hinkli kütlənin arasında gözləyə bildi. 2026-cı ildə isə sərt təhlükəsizlik kordonu Kole Allenin zalı keçməsinin qarşısını aldı.

İki hadisə, iki prezident, iki nəsil. Amma eyni bina. Eyni dəhlizlər. Eyni sual – bu ölkədə prezident olmaq nə qədər təhlükəlidir?

“Washington Hilton” cavab vermir. Sadəcə gözləyir. Növbəti sui-qəsdi...

 





26.04.2026    çap et  çap et