Vaxt.Az

Hesablama Palatasının zərgər dəqiqliyi


 

Qurum Qarabağdakı yaşayış məntəqələrinin layihələndirilməsində soyğunçuluğu üzə çıxardı

Hesablama Palatasının zərgər dəqiqliyi “Bəzi hallarda tikinti layihələrinin icrası prosesində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərdən qənaətlə və səmərəli istifadə prinsipi tam gözlənilməyib. Qarabağa qayıdış çərçivəsində yaşayış məntəqələrinin layihələndirilməsində təbii relyefin tam diqqətə alınmaması, şaquli planlaşdırma həllərində tökmə torpaqdan istifadənin artması ilə yanaşı, əsaslandırılmış zərurət olmadan layihələrdəki qruntun çıxarılması və əks doldurmanın həcminin artması əlavə büdcə vəsaitinə tələbatın yaranmasına səbəb olub”.

VAXT.AZ xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Tikinti işlərində ən asan pul silmə metodlarından biri torpaq-qrunt işləridir. Məsələn, “A” şirkəti layihə zamanı öz sənədlərində göstərir ki, “B” obyektinin tikintisi zamanı 1000 maşın torpaq daşınıb, hər reysə də yanacaq, ödəniş və s. daxil, 50 manat vəsait xərclənib. Amma, problem də budur ki, buna nəzarət yoxdur. Yəni iş icraçısı korrpusiya edərək, sürücü ilə danışa, 5 reysin əvəzinə 50 reys yaza, ona uyğun vəsait silə, işlədilməyən yanacaq ayrı satıla, qazancdan müəyyən hissə də sürücüyə verilə bilər.

Məsələn belə bir “şəhər əfsanəsi”ndə olduğu kimi. Bir neçə il əvvəl Azərbaycanın böyük tikinti şirkətlərinin birində yoxlama olur, bir neçə nəfər həbs olunur. Məhkəmə zamanı məlum olur ki, yol tikintisi zamanı bir “KamAZ” yük avtomobili torpaq daşıyarkən bir iş günündə 820 reys edərək. Hər reys üçün gediş-dönüş məsafəsi, təxminən 20 km olub. Xırda hesablama zamanı məlum olub, həmin sürücü, sənədlərə görə bir gündə 16400 km məsafə qət edibmiş. 8 saatlıq iş günü olduğunu nəzərə alanda sürücü 1 saata 2050 km yol sürübmüş. Heç “Boeing” belə 1 saata 2000 km məsafədə uça bilmir.

P.S. Keyfiyyətli iş nəticəsində büdcədəki soyğunçuluğu üzə çıxardığı üçün Hesablama Palatasına təşəkkür düşür. Gün o gün olsun ki, çəkdikləri əziyyətin bəhrəsini cəmiyyət də hiss etsin, büdcə sökənlər “qəfəsə” salınsın.

 





28.04.2026    çap et  çap et