Vaxt.Az

... Neft bahalaşdı


 

BƏƏ-nin OPEC qərarından sonra ...

... Neft bahalaşdı Qlobal enerji bazarlarında qiymətlər artmaqda davam edir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC və OPEC+ alyanslarından çıxmaq qərarı fonunda nefti bahalaşdırmaqda davam edir.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, beynəlxalq bazarlarda “Brent” markalı neft 2,8% bahalaşdıqdan sonra artım tempini qoruyaraq bir barel üçün təxminən 111 dollar səviyyəsinə yüksəlib. Eyni zamanda ABŞ-nin “Qərbi Texas nefti” (West Texas Intermediate – WTI) 100 dollar həddini aşdıqdan sonra BƏƏ-nin qərarı əsnasında qismən geriləsə də, yenidən bahalaşmağa başlayıb.

BƏƏ-nin OPEC və OPEC+ alyanslarını tərk etməsi qlobal enerji bazarında mühüm hadisə kimi qiymətləndirilir. Rəsmi məlumatlara görə, bu addım ölkənin uzunmüddətli enerji strategiyasına yenidən baxılması ilə bağlı qəbul edilib. Analitiklər hesab edir ki, uzun illər təşkilatın əsas üzvlərindən biri olan BƏƏ-nin ayrılması alyans daxilində tarazlığa təsir göstərə və təşkilatın bazara təsir imkanlarını zəiflədə bilər.

Qiymət artımına təsir edən əsas amillərdən biri də regionda davam edən gərginlik və Hörmüz boğazı ətrafında yaranmış vəziyyətdir. Münaqişə səbəbindən bu strateji marşrut üzrə neft və qaz daşımalarının böyük hissəsi məhdudlaşıb və bu, qlobal enerji bazarında təklifin azalmasına gətirib çıxarıb. Mütəxəssislərin hesablamalarına görə, regionda baş verən hadisələr səbəbindən gündəlik milyonlarla barel neft daşınmasında problemlər yaranıb və bu da qiymətlərə birbaşa təsir göstərir.

Ekspertlər bildirirlər ki, bazarda hələ də may və iyun aylarında enerji axınlarının qismən bərpa olunacağı ilə bağlı gözləntilər qalır. Lakin mövcud qeyri-müəyyənlik davam edərsə, qiymətlərin daha sərt şəkildə artması ehtimalı da istisna edilmir. BƏƏ-nin alyansdan ayrılması isə uzunmüddətli perspektivdə bazarda daha çox rəqabət yarada və hasilat həcmlərinin artmasına səbəb ola bilər.

Eyni zamanda diplomatik kanallar üzrə danışıqlar da davam edir. “The Wall Street Journal” qəzetinin məlumatına görə, Donald Tramp administrasiyası İranın təqdim etdiyi bəzi təkliflərə ehtiyatla yanaşsa da, danışıqların davam etdirilməsi planlaşdırılır. Bu prosesin nəticəsi enerji bazarlarında qiymətlərin gələcək istiqamətinə birbaşa təsir göstərə bilər.

 





28.04.2026    çap et  çap et