Hörmüz boğazında gəmi hərəkətinin faktiki olaraq dayandığı ərəfədə Rusiyaya məxsus bahalı super yaxtanın bu strateji marşrutdan keçməsi diqqət çəkib. Rusiyalı milyarder Aleksey Mordaşova məxsus “Nord” adlı yaxta boğazdan keçərək Dubaydan Maskat istiqamətində hərəkət edib.VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, hadisə regionda gərginliyin davam etdiyi və əksər ticarət gəmilərinin hərəkətinin məhdudlaşdırıldığı bir dövrdə baş verdiyi üçün xüsusilə diqqət çəkib. Bildirilir ki, Ukrayna müharibəsindən sonra beynəlxalq sanksiyalar siyahısına salınan Mordaşova məxsus yaxta blokada dövründə boğazdan keçə bilən nadir özəl gəmilərdən biri olub.
Hadisənin baş verdiyi vaxt diplomatik proseslərlə üst-üstə düşməsi də diqqət çəkib. Məlumata görə, bu keçid dövründə Rusiya prezidenti Vladimir Putin ilə İranın xarici işlər naziri Abbas Araqçı arasında görüş keçirilirmiş. Görüş zamanı Putin İranın xarici təzyiqlər qarşısında mövqeyini dəstəklədiyini bildirib və Moskvanın region ölkələrinin maraqlarını qorumağa hazır olduğunu vurğulayıb.
Məlumatlara görə, “Nord” superyaxtasının uzunluğu təxminən 142 metr, dəyəri isə 500 milyon dollar civarında qiymətləndirilir. Bu gəmi Rusiyanın ən böyük sənaye holdinqlərindən biri olan Severstal ilə əlaqəli biznesmenə məxsus olması ilə tanınır.
2022-ci ildə başlayan Rusiya‑Ukrayna müharibəsi sonrası tətbiq edilən sanksiyalar səbəbindən yaxta uzun marşrutla hərəkət etməyə məcbur qalmışdı. Gəmi əvvəlcə Rusiyanın Vladivostok limanına, daha sonra isə Cənubi Koreya, Maldiv adaları və Seyşel adaları istiqamətində hərəkət edib. Bu marşrut üzrə ümumilikdə təxminən 12 min kilometr məsafə qət edildiyi bildirilir.
Ekspertlərin qiymətləndirməsinə görə, belə bir superyaxtanın uzun məsafəli hərəkəti böyük maliyyə xərcləri tələb edir. Hesablamalara əsasən, yaxtanın tam sürətlə hərəkəti zamanı yalnız yanacaq xərcləri yüz minlərlə dollara çata bilər və əvvəlki marşrut zamanı bu rəqəmin təxminən 465 min dollar olduğu bildirilir.
Hazırkı vəziyyətdə Hörmüz boğazı qlobal enerji və logistika baxımından ən kritik nöqtələrdən biri sayılır. Regionda davam edən gərginlik səbəbindən bir çox gəmi marşrutlarını dəyişib və boğazdan keçidlər minimum səviyyəyə enib. Belə şəraitdə böyük və bahalı özəl yaxtanın bu marşrutdan keçməsi təhlükəsizlik və diplomatik baxımdan diqqət çəkən hadisə kimi qiymətləndirilir.
çap et