Vaxt.Az

Neft 120 dolları keçdi


 

Qara qızıl dörd ilin maksimumuna çatdı

Neft 120 dolları keçdi “Brent” markalı neftin bir barelinin qiyməti ABŞ–İran xəttində qeyri-müəyyənlik və Hörmüz boğazında davam edən ablukanın təsiri ilə 8 faiz artaraq 120 dolları keçib. Bununla da qiymətlər 2022-ci ilin iyunundan bəri ən yüksək səviyyəyə çatıb.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, qlobal enerji bazarlarında neft qiymətlərində artım sürətlənib. Aprelin əvvəlindən davam edən atəşkəs mühitinə baxmayaraq, Hörmüz boğazındakı ablukadan enerji axınının ciddi şəkildə zərər gördüyü bildirilir. Gündəlik keçidlərin demək olar ki, dayanma nöqtəsinə çatması xam neft və təbii qaz tədarükündə fasilələrə səbəb olub.

Boğazda baş verənlər qlobal təklif çatışmazlığı ilə bağlı narahatlıqları artırıb. Enerji xərclərindəki artımın inflyasiya təzyiqini yenidən gücləndirə biləcək risklər sırasında olduğu qeyd olunur.

İran dövlət televiziyası “Press TV”yə danışan adı açıqlanmayan yüksək vəzifəli təhlükəsizlik rəsmisi ABŞ-nin dəniz blokadasına yaxın zamanda “misilsiz addımla” cavab veriləcəyini iddia edib.

Açıqlamada İran Silahlı Qüvvələrinin indiyədək göstərdiyi təmkinin diplomatiyaya imkan yaratmaq məqsədi daşıdığı bildirilib. Həmçinin qeyd olunub ki, ABŞ-nin İranın müharibəni qalıcı şəkildə dayandırmaq şərtlərini öyrənməsi və qəbul etməsi üçün bu mövqe qorunur.

 





30.04.2026    çap et  çap et