Rusiyanın Perm şəhərində yerləşən “Lukoil-Permnefteorgsintez” neft emalı zavodu Ukraynanın pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalıb. Hadisə nəticəsində zavodun əsas texnoloji hissələrindən biri olan ilkin emal qurğusunun (AVT-4) zədələnməsi nəticəsində baş verən yanğın sənaye kompleksinin digər hissələrinə də yayılıb.VAXT.AZ Rusiya “Telegram” kanallarına istinadən xəbər verir ki, hücum zamanı “Lyutıy” tipli pilotsuz uçuş aparatının vakuum və atmosfer rektifikasiya koloniyalarına zərbə endirdiyi bildirilir. Bu qurğular neftin emalında əsas rol oynayır və benzin, dizel və digər yanacaq məhsullarının istehsalında kritik mərhələ hesab olunur. Ekspertlərin qiymətləndirməsinə görə, iki koloniyanın zədələnməsi zavodun ilkin emal xəttini faktiki olaraq dayandırır.
“Lukoil-Permnefteorgsintez” Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir və illik təxminən 13 milyon ton emal gücünə malikdir. Müəssisə həm mülki bazarı, həm də logistik və sənaye ehtiyaclarını təmin edən strateji obyektlər sırasında göstərilir.
Hadisə ilə eyni vaxtda Perm şəhərində bir neçə partlayış səsi eşidilib. Yerli hakimiyyət orqanları PUA təhlükəsi rejimi tətbiq edib, hava limanında isə müvəqqəti məhdudiyyətlər elan olunub. Bəzi təhsil müəssisələrinin dərsləri dayandıraraq distant təhsilə keçdiyi də qeyd edilir.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, ölkə ərazisi üzrə eyni gecə onlarla pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Lakin Permdə baş verən insidentin miqyası və strateji sənaye obyektinə təsiri diqqət çəkən əsas məqamlardan biri kimi qiymətləndirilir.
Rusiya tərəfi rəsmi olaraq geniş dağıntı və ya insan tələfatı olmadığını bildirir, lakin sənaye infrastrukturu üzrə zərərin dəqiq həcmi hələ tam açıqlanmayıb. Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və vəziyyətin nəzarət altında olduğu qeyd olunur.
çap et