Vaxt.Az

Almaniyada “kabab savaşı”


 

KFC türk iş adamına uduzmaq üzrədir

Almaniyada “kabab savaşı” Almaniyada “fast-food” bazarında yaranan qalmaqal getdikcə qalmaqal böyüyür. Bu dəfə hadisələrin mərkəzində dünyanın ən iri şəbəkələrindən biri olan KFC dayanır. Qlobal brend illərdir bazarda qurulmuş yerli dönər biznesi ilə toqquşub və görünən odur ki, bu qarşıdurmada üstünlük kiçik tərəfin əlindədir.

VAXT.AZ “Die Welt”ə istinadən xəbər verir ki, məsələ “Krispy Kebab” adı ilə satışa çıxarılan məhsuldan başlayıb. Lakin bu ad təsadüfi deyil. “Bielefeld” mərkəzli dönər şəbəkəsi həmin adı illər əvvəl rəsmi olaraq qeydiyyatdan keçirib və bazarda tanıdıb. İndi isə eyni adın KFC kimi qlobal şirkət tərəfindən istifadə olunması açıq narazılıq yaradıb.

Dönər şəbəkəsinin sahibi, türk əsilli Sərgən Qolcu bunu sadəcə təsadüf hesab etmir. Onun fikrincə, illərlə qurulan brendin adı məqsədli şəkildə seçilib və bu, həm müştərilərdə çaşqınlıq yaradır, həm də yerli biznesə zərbə vurur. Məhz bu səbəbdən məsələ artıq hüquqi müstəviyə daşınıb.

Qalmaqalı daha da alovlandıran detal isə KFC-nin reklam kampaniyası olub. Şirkət məhsulu “Hər şey oğurlanıb” mesajı ilə təqdim edib və bu, Almaniyada geniş rezonans doğurub. Sosial mediada bu addım açıq şəkildə tənqid olunub və məsələ hüquqi mübahisədən çıxaraq reputasiya böhranına çevrilib.

Artıq vəziyyət o həddə çatıb ki, KFC geri addım atmaq ehtimalını da istisna etmir. Şirkət açıqlayıb ki, razılıq əldə olunmasa, “Krispy Kebab” məhsulu menyudan çıxarıla bilər. Bu isə faktiki olaraq qlobal nəhəngin yerli brend qarşısında geri çəkilməsi deməkdir.

Cəmi bir neçə filialı olan dönər şəbəkəsinin dünyada minlərlə restorana sahib beynəlxalq şirkətə qarşı dayanması Almaniyada “David və Qolyat” qarşıdurması kimi qiymətləndirilir. Lakin bu dəfə tərəzinin hansı istiqamətə əyildiyi artıq aydın görünür.

Beləliklə, Almaniyada baş verən bu hadisə sadəcə bir ad mübahisəsi deyil. Bu, qlobal brendlərlə yerli bizneslər arasında açıq güc savaşıdır və görünən odur ki, bu raundda qalib tərəf türk iş adamı olur.

 





01.05.2026    çap et  çap et