Vaxt.Az

Bacısının cəsədini məzardan çıxardı


 

Bankdakı 179 avroluq mirasa görə qeyri adi üsula əl atdı

Bacısının cəsədini məzardan çıxardı Hindistanın Odişa ştatında baş verən hadisə bürokratik prosedurların insanları hansı çıxılmaz vəziyyətə sala biləcəyini göstərən qeyri-adi bir olay kimi gündəmə gəlib.

VAXT.AZ “India Today” istinadən xəbər verir ki, ştat sakini iki ay əvvəl vəfat edən bacısının bank hesabındakı vəsaiti çıxarmaq istəyib. Lakin bank əməliyyatın aparılması üçün rəsmi ölüm şəhadətnaməsinin təqdim edilməsini tələb edib. Zəruri sənədləri əldə edə bilməyən şəxs vəziyyətdən çıxış yolu kimi bacısının cəsədini məzardan çıxararaq banka aparıb.

Hadisə yerində olan şəxslər tərəfindən çəkilən videoların sosial şəbəkələrdə yayılması geniş ictimai rezonansa səbəb olub.

Hadisə ictimailəşdikdən sonra yerli qurumlar prosesə müdaxilə edib və tələb olunan sənədlərin rəsmiləşdirilməsi təmin olunub. Daha sonra mirasçı statusu təsdiqlənib və bank hesabında olan vəsaitin – təxminən 19 min 300 rupi (təxminən 174 avro) – ödənilməsi həyata keçirilib.

Bank isə açıqlamasında hər hansı qayda pozuntusunun olmadığını bildirərək, yalnız mövcud prosedurların icra edildiyini vurğulayıb. Qurumun mövqeyinə görə, ölüm sənədi olmadan hesab əməliyyatlarına icazə verilməməsi maliyyə sistemində mümkün sui-istifadələrin qarşısını almaq üçün zəruri addımdır.

Odişa Hindistanın şərqində yerləşən və əhalisinin böyük hissəsinin hindu olduğu bir ştatdır. Hindu ənənəsində ümumilikdə cəsədlər kremasiya edilir. Lakin bu proses yalnız ölümün rəsmi şəkildə təsdiqlənməsindən və ailə tərəfindən zəruri sənədlərin təqdim olunmasından sonra həyata keçirilir.

Sözügedən hadisədə isə məhz bu mərhələ – yəni ölümün rəsmi qeydiyyatı və ölüm şəhadətnaməsinin alınması problem yaradıb. Yerli qaydalara görə, ölüm sənədi tələb olunduğundan ailə həm də kremasiya mərasimini həyata keçirə bilməyib.

Hadisə Hindistanda bürokratik sistemin ləngliyini yenidən gündəmə gətirib.

 





02.05.2026    çap et  çap et