Azərbaycanda İT sektorunda dövlət satınalmaları ilə bağlı qəribə bir tendensiya formalaşıb.Əvvəllər bu sektorda böyük layihələr, iri tenderlər çox olurdu. Təxmini olaraq da böyük şirkətlər, ortabablar və kiçik bizneslərin qatılacağı tenderlər öncədən bilinirdi.
Bəzən hətta centlmen razılaşması olurdu ki, məbləğ azdır və böyük şirkətlər kiçik bizneslərə şərait yaratmaq üçün bu tip tenderlərə qatılmırdılar.
İndi isə dövran dəyişib.
Kiçik bizneslər şikayət edir ki, artıq adi bir satınalmaya, məsələn, dövriyyəsi milyon olan şirkətlər 20 min manatlıq tenderlərdə belə iştirak edir.
Bir neçə yüz minlik tenderlərə isə dövriyyəsi on milyonlarla olan şirkətlər qatılır. Və təbii ki, start vəziyyətləri yaxşı olduğundan adətən bu tip tenderləri də elə onlar udurlar.
Yəni İT bazarda faktiki olaraq 1 manat uğrunda amansız mübarizə gedir.
Bu nə deməkdir?
Bu o deməkdir ki, artıq bazarda böyük İKT layihələri, böyük tenderlər azalıb. İT şirkətlər hamısı eyni kiçik büdcələr uğrunda vuruşurlar. Əksəriyyət real inkişaf, dəyər yaratmaq uğrunda deyil, resurs bölgüsü uğrunda savaşır.
Amma eyni vaxtda qonşu ölkələrdə tam fərqli mənzərə görürük.
İT və süni intellekt üçün ayrılan büdcələr artır, böyük proqramlar maliyyələşdirilir, ixracyönümlü layihələr dəstəklənir. Qazaxıstanda, Özbəkistanda, Ermənistanda və s. qonşularımızda İT sektorunda milyonlar dövr edir.
Qazaxıstanda bir anda bir fond formalaşır və büdcəsi də bir anda 100 milyon olur.
Dünəndən Qazaxıstanda işinə başlayan GITEX-in Mərkəzi Asiya və Qafqaz üzrə Forumunda iştirak edən nümayəndələrimiz də bu fərqi, baş verənləri daha yaxından müşahidə edirlər.
Bizdə isə əksinə, bazar xırdalanır, kiçilir. Nəsə, doğru getmir bu işlər.
Halbuki bu vəziyyəti dəyişmək üçün institusional mexanizmlər yaradılmışdı.
Prezidentin rəqəmsal sektorda, süni intellekt və data sektorunda vəziyyəti kökündən dəyişməklə bağlı ilin əvvəlində verdiyi tapşırıqları vardı.
Rəqəmsal İnkişaf Şurası məhz bu sektorda koordinasiya, ciddi maliyyə dayaqlarının yaradılması, böyük layihələrin effektivliyinə nəzarət etmək üçün formalaşdırılmışdı.
“Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” da bəlkə də son 30 ildə ilk rəsmi proqramdır ki, konkret maliyyə mənbəyi, pulun konkret ünvanı, hətta bu ayrılan vəsait xərclənməsə belə onun taleyinin necə olacağı nəzərdə tutulub.
Hələlik isə bunlardan xəbər yoxdur.
Rəqəmsal İnkişaf Şurasının katibliyi funksiyasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) icra edir. Nazirlik gərək çoxdan maraqlı tərəfləri, İT şirkətləri, ekspertləri bir yerə toplayıb Fəaliyyət Planının icrası istiqamətində addımlar ataydı.
Bu prosesə ekspertləri və analitikləri cəlb etmək lazımdır. Əgər yenə də xaricdən hansısa konsaltinq şirkətlərini gözləyiriksə, çətin ki, tez bir zamanda irəliləyişə nail olaq.
Görünən odur ki, artıq ləngiməkdən də keçib, biz çox gecikirik.
çap et