Rumıniya parlamentində keçirilən səsvermə nəticəsində Baş nazir Ilie Bolojanın rəhbərlik etdiyi koalisiya hökuməti etimad qazanmayaraq devrilib. Paytaxt Buxarestdə siyasi böhran fonunda yeni hökumətin formalaşdırılması ilə bağlı müzakirələr başlayıb.VAXT.AZ “Associated Press”ə istinadən xəbər verir ki, parlamentdə keçirilən etimadsızlıq səsverməsində iştirak edən 402 deputatdan 281-i hökumətin istefaya göndərilməsinin lehinə səs verib. Bununla da Bolojan kabineti fəaliyyətini dayandırıb.
Səsvermə öncəsi çıxış edən Bolojan təqdim olunan etimadsızlıq təklifini süni və istehzalı adlandırıb. O bildirib ki, böhran dövrlərində hökumətlərin dəyişdirilməsi deyil, daha da gücləndirilməsi vacibdir. Lakin baş nazirin bu çağırışları parlamentdə dəstək qazanmayıb.
Hökumətin devrilməsində əsas rol Sosial Demokrat Partiyasına məxsus olub. Partiya bir müddət əvvəl Milli Liberal Partiya ilə koalisiyanı tərk etdikdən sonra səsvermədə radikal sağçı Rumıniya Birliyi İttifaqı ilə birlikdə hərəkət edib.
Müxalifət hökumətin həyata keçirdiyi sərt iqtisadi tədbirləri və qənaət siyasətini əsas tənqid hədəfi kimi göstərib.
Bolojan hökuməti 2025-ci ildə keçmiş baş nazir Marçel Çolakunun istefasından sonra formalaşmışdı. Lakin kabinet bir il tamamlamadan istefaya göndərildi.
Bu hadisə ölkədə keçirilən və Nikuşor Danın qalib gəldiyi mübahisəli prezident seçkilərinin fonunda baş verib. Seçkilərdə onun əsas rəqibi radikal sağçı siyasətçi anti-AB və NATO əleyhdarı Corce Simion idi.
Konstitusion prosedura uyğun olaraq, hökumətin istefasından sonra təşəbbüs Nikuşor Danın üzərinə keçir. Prezident yaxın günlərdə parlamentdə təmsil olunan siyasi qüvvələrlə məsləhətləşmələrə başlayacaq.
Siyasi dairələrdə liberal və sosial demokrat qüvvələrin texnokrat fiqurun rəhbərliyi altında müvəqqəti koalisiya qurması ehtimalı müzakirə olunur.
çap et