Vaxt.Az

Separatçılar atəşkəsdən imtina etdi


 

Poroşenkonun növbəti addımı nə olacaq?

Separatçılar atəşkəsdən imtina etdi Ukraynanın şərqindəki rusiyayönümlü separatçılar Kiyevin atəşkəs təklifindən imtina ediblər. Separatçılar Rusiyaya qoşulmaq üçün kampaniyalarını davam etdirirlər. BMT öz hesabatında zorakılıq nəticəsində yüzlərlə insanın öldüyünü yazıb. Məlumatı «Deutsche Welle» yayıb.


Özünü Respublika elan etmiş Donetsk əyalətinin baş komandanı prezident Petro Poroşenkonun atəşkəs təklifinin «mənasız» olduğunu bildirərək bundan imtina edib.

«Bizim tək istəyimiz işğalçı qüvvələrin torpaqlarımızdan getməsidir», - Denis Puşilin iyunun 18-də Moskvanın «Dojd» telekanalına bildirib.

Xatırladaq ki, Poroşenko iyunun 17-də Rusiya prezidenti Putinlə danışıqlardan sonra atəşkəs təklif etmişdi. «Sülh planı birtərəfli atəşkəs haqqında göstərişimlə başlayır. Bundan sonra silahlı qrupların tərksilah olunması və qayda-qanunun bərpasına ümid edirik», - Poroşenko çərşənbə günü Kiyevdə bildirib.

Ukraynanın müdafiə naziri Mixayil Koval atəşkəs haqqında əmrin bir neçə günə imzalanacağını deyib.

 

BMT müşahidəçilərinin hesabatı

 

BMT-nin bölgə üzrə insan haqları ofisinin 34 müşahidəçisi hesabat yayıb. Hesabata görə, mayın 7-dən indiyədək 257-si mülki şəxs olmaqla, ən az 356 nəfər öldürülüb. 200 işgəncə faktı qeydə alınıb, iyunun 7-dən bəri 81 nəfər saxlanılıb.

«Söhbət həmin kiçik ərazilərdə qorxu, ya da terrorun hökm sürməsindən gedir», - iyunun 18-də insan haqları idarəsinin Avropa departamentinin rəhbəri Canni Magatseni bildirib.

BMT-nin insan haqları üzrə ali komissarı Navi Pillay hesabatda yazır ki, «etibarsızlıq və qorxu» Ukraynanın Kiyevdən müstəqilliklərini elan edən Donetsk və Luqansk əyalətlərindən 34 min nəfəri didərgin salıb».

«İnsan haqlarının pozulması ilə bağlı cinayətkarlıq təkcə jurnalistlər, seçilmiş nümayəndələr, yerli siyasətçilər, dövlət qulluqçuları və vətəndaş cəmiyyətinin fəallarına yönəlməyib. Silahlı qrupların adam oğurluqları, həbsləri, qəddarlıq, işgəncə və törətdikləri qətllər indi hər iki şərq bölgəsinin bütün əhalisinə pis təsir göstərib», - hesabatda deyilir.

 





19.06.2014    çap et  çap et