ABŞ administrasiyasının kürd yaraqlılara ayrılan maliyyəni kəsməsi və Suriyada bəzi vəsaitləri mərkəzi hakimiyyətə yönəltməsi regionda yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Qərarın həm İraqın şimalında, həm də Suriyada qüvvələr balansına ciddi təsir edəcəyi bildirilir.VAXT.AZ “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki. ABŞ Müdafiə Nazirliyinin 2027-ci il büdcə layihəsində İraqdakı kürd yaraqlıları üçün ayrılan vəsait tamamilə ləğv edilib. Halbuki 2026-cı ildə bu qüvvələrə təxminən 61 milyon dollar maliyyə dəstəyi vəd edilmişdi. Bununla yanaşı, tərəflər arasında mövcud olan hərbi əməkdaşlıq sazişinin də uzadılmadığı qeyd olunur.
Türkiyə mediasında yer alan məlumatlara görə, Vaşinqton administrasiyası İŞİD-lə mübarizə çərçivəsində ayrılan vəsaitlərin bir hissəsini birbaşa Suriyanın rəsmi strukturlarla koordinasiya etməyə qərar verib. Bu kontekstdə özlərini Suriya Demokratik Qüvvələri (SDG) adlandıran kürd yaraqlıları daxilində yalnız məhdud sayda xüsusi bölmələrin maliyyələşdiriləcəyi, əsas vəsaitlərin isə Dəməşqdəki müdafiə strukturlarına yönləndiriləcəyi bildirilir.
Bu dəyişikliklərin kürd qrupları arasında fikir ayrılığı yaratdığı və regional ittifaqlarda çatların dərinləşdiyi vurğulanır.
ABŞ-nin bu addımlarından sonra Türkiyə regionda diplomatik və təhlükəsizlik təmaslarını intensivləşdirib. Türkiyə Xarici işlər naziri Hakan Fidanın İraqdakı “Haşdi Şabi” Komissiyasının rəhbəri Falih el-Feyyad ilə Ankarada keçirdiyi görüş, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraq baş nazirliyinə namizəd Əli Zeydini Türkiyəyə dəvət etməsi bu istiqamətdə atılan addımlar kimi qiymətləndirilir.
Danışıqlarda əsas müzakirə mövzusu PKK-nın bölgədəki mövcudluğu, eləcə də Sincar və Mahmur düşərgələrinin boşaldılması məsələsidir. Ankara bu bölgələrdə təhlükəsizlik arxitekturasının dəyişdirilməsi üçün Bağdadla koordinasiyanı gücləndirməyə çalışır.
Məlumatlarda qeyd olunur ki, ABŞ uzun müddətdir kürd yaraqlılarının vahid komanda altında birləşdirilməsi üçün Kürdüstan Regional Hökumətinə çağırış edirdi. Lakin kürd qrupları KDP ilə KYB arasında mövcud olan siyasi və hərbi fikir ayrılıqları bu prosesin reallaşmasına mane olub.
Analitiklər hesab edir ki, məhz bu parçalanma ABŞ-nin maliyyə dəstəyini dayandırmaq qərarında əsas faktorlardan biri olub.
Yeni vəziyyət fonunda regionda qüvvələr balansının yenidən formalaşacağı, xüsusilə Suriya və İraqın şimalında təhlükəsizlik və siyasi vəziyyətin dəyişəcəyi gözlənilir.
çap et