Vaxt.Az

Rusiyada məktəblərlə bağlı qadağa


 

Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır

Rusiyada məktəblərlə bağlı qadağa Rusiya hakimiyyəti kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə məktəblərə hücumlarla bağlı xəbərlərin yayımını məhdudlaşdıracaq yeni qanun layihəsi üzərində işləyir.

VAXT.AZ “MK.RU”ya istinadən xəbər verir ki, təşəbbüs çərçivəsində təhsil müəssisələrində baş verən silahlı hücumlarla bağlı xəbərlərin mediada dərcinə qadağa tətbiq oluna bilər. Sənəddə həmçinin yetkinlik yaşına çatmayanların iştirakı ilə zorakılıq səhnələrini əks etdirən paylaşımların da məhdudlaşdırılması nəzərdə tutulur.

Rəsmi qurumlar bu addımı yeniyetmələr arasında mənfi sosial hadisələrin qarşısının alınması zərurəti ilə izah edir.

Layihənin icrasına bir neçə dövlət strukturu cəlb olunacaq. Bunlar arasında Rusiya Təhsil Nazirliyi, Rusiya Daxili İşlər Nazirliyi, “Rosqvardiya” və “Rosmolodej”, eləcə də regional təhsil idarələri yer alır.

Qanunvericilik təşəbbüsünün hazırlandığı barədə məlumatlar hələ aprel ayında yayılmışdı. Rusiya Dövlət Dumasının Gənclər siyasəti komitəsinin rəhbəri Artyom Metelyevin sözlərinə görə, qanun layihəsi artıq hökumət və prezident administrasiyası ilə razılaşdırılıb.

Layihə müəllifləri hesab edir ki, bu cür hadisələrin geniş işıqlandırılması hücum edən şəxslərin qəhrəmanlaşdırılmasına səbəb ola bilər.

Qeyd edək ki, 2026-cı ilin əvvəlindən bəri Rusiyanın müxtəlif regionlarında təhsil müəssisələrinə azı 10 hücumla bağlı məlumatlar yayılıb.

 





06.05.2026    çap et  çap et