Vaxt.Az

Ermənistan–Belarus münasibətlərində gərginlik


 

Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu

Ermənistan–Belarus münasibətlərində gərginlik Ermənistan parlamentinin spikeri Alen Simonyanın Belarus rəhbərliyinə yönəlik sərt açıqlamaları iki ölkə arasında diplomatik gərginliyi daha da artırıb.

VAXT.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, Simonyan çıxışında Belarusun faktiki olaraq Rusiyanın təsiri altında olduğunu iddia edərək bildirib ki, Ermənistan “heç vaxt Belarus kimi idarə olunmayacaq” və ölkənin quberniyaya çevrilməsinə imkan verilməyəcək.

Bu bəyanatdan sonra Belarus Xarici İşlər Nazirliyi rəsmi etirazını bildirib və İrəvanın addımlarını “qeyri-dost davranış” kimi qiymətləndirib. Nazirliyin sözçüsü Ruslan Varankov açıqlamasında vurğulayıb ki, Belarus suveren dövlətdir və Rusiya ilə münasibətlərini müstəqil şəkildə müəyyən edir. O, həmçinin Simonyanın çıxışını kobud diplomatik etika pozuntusu və seçkiqabağı populizm adlandırıb.

Gərginliyin fonunda Simonyan geri addım atmayaraq üzr istəməkdən imtina edib və Belarus rəhbərliyinə kartof yetişdirməklə məşğul olmağı tövsiyə edib. O, həmçinin bildirib ki, Minsklə münasibətlərdə problemlərin kökü daha dərindir və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) mövqeyi ilə bağlı yanaşmalarla əlaqəlidir.

Qeyd edək ki, Ermənistanla Belarus arasında münasibətlər son illərdə daha da pisləşib. 2024-cü ildə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, o və digər erməni rəsmilər Aleksandr Lukaşenko hakimiyyətdə qaldığı müddətdə Belarusa səfər etməyəcəklər.

Digər diqqətçəkən məqam isə Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində Belarusun rəsmi hakimiyyət nümayəndələri əvəzinə müxalifət lideri Svetlana Tixanovskayanın iştirak etməsi olub. O, çıxışında Belarus xalqının mövcud hakimiyyətlə eyniləşdirilməməli olduğunu və ölkəsinin Avropanın bir hissəsi olduğunu vurğulayıb.

Analitiklər hesab edir ki, bu qarşıdurma KTMT daxilində mövcud fikir ayrılıqlarının daha açıq şəkildə üzə çıxmasının növbəti nümunəsidir.

 





06.05.2026    çap et  çap et