ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İran bayrağı altında üzən neft tankerinə müdaxilə edildiyini açıqlayıb. ABŞ ordusunun məlumatına görə, “M/T Hasna” adlı tanker İran limanına doğru hərəkət edərkən tətbiq olunan blokada tədbirlərini pozmağa cəhd edib.VAXT.AZ xəbər verir ki, CENTCOM-un açıqlamasına görə, tanker beynəlxalq sularda hərəkətdə olarkən ABŞ qüvvələri tərəfindən izlənilib və ekipaja dəfələrlə xəbərdarlıq edilib. ABŞ tərəfi gəmiyə blokada rejimini pozması barədə xəbərdarlıq edildiyini bildirib.
Açıqlamaya əsasən, ekipajın xəbərdarlıqlara əməl etməməsindən sonra “USS Abraham Lincoln (CVN-72)” aviadaşıyıcısından havalanan “Boeing” “F/A-18E/F Super Hornet” tipli döyüş təyyarəsi tankerin sükan sisteminə atəş açıb. ABŞ tərəfi tankerin artıq İran istiqamətində hərəkət etmədiyini bildirib.
CENTCOM həmçinin İran limanlarına daxil olmağa və ya həmin limanlardan çıxmağa çalışan gəmilərə qarşı ABŞ blokadasının qüvvədə qaldığını vurğulayıb.
Bu hadisədən sonra Hörmüz boğazı ətrafında gərginlik daha da artıb. İran mediasında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin raketlərlə hədəfə alındığı barədə iddialar yayılsa da, CENTCOM bu məlumatları təkzib edib.
çap et