Atlantik okeanında hərəkət edən “MV Hondius” adlı turist gəmisində qeydə alınan “hantavirus” virusu halları beynəlxalq narahatlıq yaradıb.VAXT.AZ xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, indiyədək gəmidə üç nəfər həyatını itirib, bir neçə yoluxma halı isə təsdiqlənib.
Məlumata əsasən, gəmidə 150 nəfər karantin şəraitində saxlanılır. Sərnişinlərin kabinələrdən çıxışı məhdudlaşdırılıb, tibbi heyət isə xüsusi qoruyucu geyimlərdən istifadə edir. Gəmini idarə edən “Oceanwide Expeditions” şirkəti bütün sərnişinlərin tibbi nəzarət altında olduğunu açıqlayıb.
DST bildirir ki, hazırda bir neçə təsdiqlənmiş və şübhəli “hantavirus” hadisəsi araşdırılır. Qurumun sözlərinə görə, risk səviyyəsi ictimaiyyət üçün aşağıdır və panikaya əsas yoxdur.
Hadisə ətrafında diplomatik müzakirələr də davam edir. Gəminin Kanar adaları istiqamətində hərəkəti bölgədə narahatlıq yaradıb. Yerli hakimiyyət orqanları gəminin limana qəbul etmək qərarını verməyib.
Xəstəliyi ağır keçirən bəzi sərnişinlərin Niderland, İsveçrə və Cənubi Afrika xəstəxanalarına təxliyə olunduğu bildirilir. İsveçrədə daha bir sərnişində hantavirus təsdiqlənib.
İlkin araşdırmalar virusun gəmiricilərdən yayıldığını göstərir. Ekspertlər xüsusilə Cənubi Amerikada rast gəlinən “Andes hantavirus” ştammının nadir hallarda insandan insana keçə bildiyini qeyd edirlər.
Hantavirus nədir?
“Hantavirus Pulmonary Syndrome” əsasən gəmiricilərin sidiyi, tüpürcəyi və ifrazatı ilə təmas nəticəsində yayılır. Xəstəliyin ilkin simptomları yüksək hərarət, halsızlıq və əzələ ağrılarıdır. Ağır hallarda isə tənəffüs çatışmazlığı və böyrək problemləri yarana bilər.
çap et