Vaxt.Az

İsrail “Hizbullah” komandirini öldürdü


 

“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu

İsrail “Hizbullah” komandirini öldürdü İsrail ordusu (“Çaxal”) Beyrut şəhərinə endirilən hava zərbəsi nəticəsində “Hizbullah” terror təşkilatının elit qüvvəsi olan “Rıdvan gücü”nün yüksək rütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, İsrail ordusunun məlumatına görə, hücumun hədəfi “Hizbullah”ın əməliyyat rəhbərlərindən biri olub. Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz daha əvvəl verdikləri bəyanatda Beyruta zərbə endirilməsi barədə göstəriş verdiklərini təsdiqləmişdilər.

“Agence France-Presse”ə danışan “Hizbullah”a yaxın mənbə öldürülən şəxsin “Rıdvan gücü”nün əməliyyat komandiri Malik Ballut olduğunu bildirib.

İsrail ilə “Hizbullah” arasında ABŞ vasitəçiliyi ilə aprelin 17-də əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, bölgədə gərginlik səngimir. İsrail tərəfi “Hizbullah”ı sərhəd bölgələrində hücumlar hazırlamaqda ittiham edir və xüsusilə Livanın cənubuna zərbələri davam etdirir.

Məlumatlara görə, martın 2-dən bu yana davam edən qarşıdurmalarda minlərlə livanlı həyatını itirib, bir milyondan çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Donald Tramp daha əvvəl açıqlamasında Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan atəşkəsin üç həftə uzadıldığını bildirmiş və yaxın aylarda İsrail ilə Livan arasında daha geniş razılaşma əldə olunacağına ümid etdiyini demişdi.

İsrail ordusu Livanın cənubunda təxminən 10 kilometr dərinliyində təhlükəsizlik zonası yaratdığını açıqlayıb. Yerli mənbələr və Livan tərəfi isə bunun faktiki işğal zonasının genişləndirilməsi olduğunu bildirirlər.

Son günlər İsrail ordusunun daha 12 kənd üçün təxliyə xəbərdarlığı yayması bölgədə narahatlığı artırıb. Həmin yaşayış məntəqələrinin bir hissəsinin əvvəllər elan edilən təhlükəsizlik zonasından kənarda yerləşdiyi bildirilir.

Bu arada İsrail əsgərlərinin Livandakı xristian dini simvollarına münasibəti də qalmaqal doğurub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə israilli hərbçilərdən birinin Məryəm Ana heykəli ilə qeyri-etik davranışı geniş tənqid olunub. İsrail ordusu hadisə ilə bağlı araşdırma başladıldığını açıqlayıb və bunu ordu dəyərlərinə uyğun olmayan davranış adlandırıb.

Bundan əvvəl isə başqa bir israilli əsgərin İsa Məsih heykəlini kuvaltla dağıtmasını əks etdirən görüntülər yayılmışdı. Həmin hərbçinin döyüş tapşırıqlarından uzaqlaşdırıldığı bildirilmişdi.

 





07.05.2026    çap et  çap et