Vaxt.Az

“Bir ton göbələyi ona yedirəcəm”


 

Paşinyan Karapetyanı məhkəməyə verir

“Bir ton göbələyi ona yedirəcəm” Nikol Pashinyan Rusiya vətəndaşı olan erməni milyarder Samvel Karapetyanı məhkəməyə verməyə hazırlaşdığını açıqlayıb.

VAXT.AZ “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan buna səbəb kimi Karapetyanın onun haqqında səsləndirdiyi qalmaqallı iddiaları göstərib.

Məsələ Samvel Karapetyanın Paşinyanın guya “Çindən bir ton hallüsinogen göbələk gətirdiyi və çıxışlarından əvvəl onlardan istifadə etdiyi” barədə açıqlamasından sonra başlayıb.

Paşinyan sosial şəbəkədə bun sərt reaksiya verərək, “Mən Samvel Karapetyanın absurd açıqlamasını gördüm. Əlbəttə ki, onu məhkəməyə verəcəyəm və hüquqi mənada ona bir ton hallüsinogen göbələk yedirəcəyəm”, – deyib.

Ermənistan baş naziri daha sonra sərt ifadəyə görə üzr istəsə də, hər şeyin bir həddi olduğunu qeyd edib.

Paşinyan ilə Karapetyan arasında münasibətlər son bir ildə ciddi şəkildə gərginləşib. Rusiya vətəndaşlığı olan erməni milyarder daha əvvəl də Ermənistan hakimiyyətini tənqid etmiş, hökumət isə onu siyasi proseslərə müdaxilə etməkdə ittiham etmişdi.

Karapetyan 2025-ci ildə hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə həbs edilib. Onun “Taşir” qrupuna bağlı şirkətlərdə axtarışlar aparılmışdı. Bu vaxt “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsi məsələsi gündəmə gəlmişdi.

Bundan sonra Karapetyan da Paşinyanın mətbuat katibi və hökumət nümayəndələrinə qarşı böhtan iddiaları ilə məhkəmə prosesləri başlamışdı.

Erməni mediası yazır ki, Paşinyan hökuməti son aylarda Rusiyaya yaxın oliqarx və biznes dairələrinə qarşı təzyiqləri artırıb.

Karapetyan uzun illərdir Ermənistan Apostol Kilsəsinə yaxın fiqur kimi tanınır və onun Kremlə yaxın biznes çevrələri ilə əlaqələri tez-tez Ermənistan mediasında müzakirə olunur. Ermənistanda hakimiyyətlə kilsə arasında son dövrlərdə artan gərginlik fonunda bu qarşıdurma daha da siyasi xarakter almağa başlayıb.

 





07.05.2026    çap et  çap et