ABŞ Prezidenti Donald Tramp Avropa Birliyinə ticarət sazişi üzrə öhdəliklərini yerinə yetirməsi üçün 2026-cı il 4 iyul tarixinədək vaxt verib. Tramp bildirib ki, Brüssel razılaşmaya uyğun olaraq gömrük rüsumlarını sıfırlamazsa, tariflər dərhal daha yüksək səviyyəyə qaldırılacaq.VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ prezidenti sosial şəbəkə hesabında yaydığı açıqlamada Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ilə məhsuldar görüş keçirdiyini bildirib.
Tramp qeyd edib ki, görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olunub. O, İranın nüvə silahına sahib olmaması məsələsində tərəflərin tam razılığa gəldiyini vurğulayıb:
“Öz xalqını qətlə yetirən bir rejimin milyonlarla insanın ölümünə səbəb ola biləcək bombaya nəzarət etməsinə imkan verilə bilməz”, – deyə Tramp yazıb.
ABŞ Prezidenti daha sonra ötən il Şotlandiyanın Turnberi şəhərində imzalanmış ticarət sazişinə toxunaraq bildirib ki, Avropa Birliyi həmin razılaşma çərçivəsində ABŞ məhsullarına tətbiq edilən gömrük rüsumlarını sıfırlamağı öhdəsinə götürmüşdü.
“Ölkəmizin 250 illiyi – 4 iyul 2026-cı ilədək onlara vaxt verməyə razılaşdım. Əks halda, təəssüf ki, gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”, – Tramp vurğulayıb.
Xatırladaq ki, ABŞ ilə Avropa Birliyi arasında əldə olunan ticarət razılaşmasına əsasən, AB ölkələri ABŞ məhsullarına gömrük rüsumu tətbiq etməməli, Vaşinqton isə AB mənşəli məhsullara 15% tarif tətbiq etməli idi.
Tramp ötən həftə isə razılaşmanın şərtlərinə əməl olunmadığını əsas gətirərək, Avropa Birliyindən idxal edilən avtomobil və yük maşınlarına tətbiq olunan gömrük rüsumlarının 25%-ə yüksəldiləcəyini açıqlamışdı.
çap et