ABŞ və İran qüvvələri arasında Hörmüz boğazı yaxınlığında baş verən qarşıdurmadan sonra dünya bazarında neft qiymətləri kəskin yüksəlib.VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, Asiya sessiyasında ticarət zamanı “Brent” markalı neftin iyul fyuçersləri 2,1% bahalaşaraq bir barel üçün 103,37 dollara çatıb. ABŞ-ın “WTI” markalı yüngül nefti isə 2,2% artaraq 96,90 dollar olub.
Bundan əvvəl, dünən keçirilən ticarət sessiyasında neft qiymətləri təxminən 1% ucuzlaşmışdı.
Qiymət artımı İranın ABŞ-ni Hörmüz boğazına daxil olan İran neft tankerini və digər bir gəmini hədəfə almaqda ittiham etməsindən sonra başlayıb. Tehran həmçinin Keşm adası və ətraf sahil bölgələrinin də hücuma məruz qaldığını bildirib.
ABŞ ordusu isə əməliyyatların özünümüdafiə məqsədilə həyata keçirildiyini açıqlayıb. Vaşinqtonun məlumatına görə, İranın pilotsuz uçuş aparatları, raketləri və kiçik hərbi katerləri strateji su yolundan keçən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esminesi hədəfə alıb. ABŞ tərəfi hücum nəticəsində heç bir hərbi obyektin zərər görmədiyini vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp isə bazarlardakı narahatlığı azaltmağa çalışaraq hadisəni “yalnız kiçik toqquşma” adlandırıb. O, “ABC News” telekanalına müsahibəsində İranla əldə olunan atəşkəsin hələ də qüvvədə olduğunu bildirib.
Daha sonra İran dövlət mediası insidentin baş verdiyi bölgələrdə vəziyyətin normallaşdığını açıqlayıb.
Bununla belə, qlobal bazar Hörmüz boğazı ətrafında gərginliyin daha da artması riskindən narahatdır. Çünki dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri məhz bu strateji marşrutdan keçir.
Geosiyasi gərginlik fonunda ABŞ dolları da möhkəmlənib, fond fyuçersləri isə təzyiq altında qalıb. İnvestorlar bu gün açıqlanacaq ABŞ-nin kənd təsərrüfatı sektoru üzrə məşğulluq hesabatı öncəsi daha təhlükəsiz aktivlərə yönəlirlər.
çap et