Atlantik okeanında Hollandiya bayrağı altında hərəkət edən “MV Hondius” kruiz gəmisində qeydə alınan Hantavirus halları Avropada ciddi narahatlıq yaradıb. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, indiyədək gəmi ilə əlaqəli 8 yoluxma halı aşkarlanıb, onlardan 5-i laborator analizlərlə təsdiqlənib. Virus səbəbindən 3 nəfər həyatını itirib.VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, ölənlər arasında hollandiyalı ailə cütlüyü və bir Almaniya vətəndaşının olduğu bildirilir.
Avropa ölkələrinin səhiyyə qurumları hadisədən sonra müşahidə və nəzarəti gücləndirib. Xüsusilə Almaniya, Hollandiya, İsveçrə, İspaniya və digər Avropa ölkələrində gəmidən ayrılan sərnişinlərlə bağlı təmas zənciri araşdırılır.
Məlumata görə, beynəlxalq uçuş zamanı virusa yoluxmuş sərnişinlə təmasda olan 8 Avropa vətəndaşı nəzarətə götürülüb. Onlar üçün test prosesi başladılıb. Təmasda olmuş şəxslərdən birində yüngül simptomların müşahidə edildiyi və onun izolyasiyaya alındığı qeyd olunur.
DST isə hazırkı vəziyyətin pandemiya səviyyəsində olmadığını açıqlayıb. Təşkilatın nümayəndələri risk səviyyəsinin aşağı olduğunu bildirsələr də, sərnişinlərin müxtəlif ölkələrə yayılması səbəbindən yeni yoluxmaların mümkünlüyünü istisna etmirlər.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam isə virusun nadir görünən “Andes” variantı ilə bağlı ehtimallardır. Bildirilir ki, bu variant digər Hantavirus növlərindən fərqli olaraq yaxın təmas zamanı insandan insana keçə bilir. Xüsusilə eyni kabində qalan şəxslər arasında yoluxma riski araşdırılır.
Bu arada gəmidə karantin tədbirləri davam edir. Sərnişinlərin kabinlərdə izolasiya olunduğu və tibbi nəzarətdə saxlanıldığı bildirilir. İspaniyanın Kanar adaları administrasiyası gəminin limana yan almasına icazə vermədiyi üçün “MV Hondius”un Tenerife sahilləri yaxınlığında saxlanıldığı qeyd olunur.
Məlumata görə, sərnişinlərin kiçik qayıqlarla sahilə çıxarılması və daha sonra hava limanına daşınması planlaşdırılır.
DST Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, Sent-Yelena adasında gəmidən ayrılan sərnişinlərlə əlaqədar 12 ölkəyə rəsmi xəbərdarlıq göndərilib. Siyahıda Almaniya, Hollandiya, İsveçrə, Böyük Britaniya, ABŞ və Türkiyə də yer alır.
Mütəxəssislərin sözlərinə görə, Hantavirus əsasən gəmiricilərin sidiyi, ifrazatı və tüpürcəyi ilə təmas nəticəsində yayılır. Virus yüksək hərarət, əzələ ağrıları, halsızlıq və ciddi tənəffüs problemlərinə səbəb ola bilir.
Hazırda Avropada ümumi epidemiya elan olunmasa da, səhiyyə qurumları vəziyyəti davamlı şəkildə izləyir.
çap et