Almaniyada kansler Fridrix Merz rəhbərliyindəki CDU/CSU-SPD koalisiyası ciddi siyasi təzyiqlə üzləşib. Ölkədə iqtisadi durğunluq, enerji və yanacaq qiymətlərinin artması, Ukrayna-Rusiya müharibəsinin təsirləri və hökumət daxilindəki fikir ayrılıqları fonunda erkən seçki müzakirələri yenidən gündəmə gəlib.VAXT.AZ “Die Zeit” nəşrinə istinadən xəbər verir ki, alman mediası və beynəlxalq nəşrlərdə yayımlanan son sorğular ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının tarixində ilk dəfə ölkə səviyyəsində birinci siyasi qüvvəyə çevrildiyini göstərir.
“ZDF Politbarometer”, “INSA”, “YouGov” və “Forsa” kimi araşdırma mərkəzlərinin nəticələrinə görə, AfD-nin reytinqi 26-28% aralığına yüksəlib. Merzin rəhbərlik etdiyi CDU/CSU bloku isə 22-25% intervalında qərarlaşıb. Nəşr yazır ki, Merz son onilliklərin ən aşağı reytinqə malik kanslerlərindən birinə çevrilib.
Xüsusilə Almaniyanın şərq bölgələrində AfD-nin sürətli yüksəlişi diqqət çəkir. “Reuters”in yaydığı son sorğu nəticələrinə əsasən, Saksoniya-Anhalt əyalətində AfD artıq 41% dəstəyə malikdir və bu, partiyanın ilk dəfə regional hökumət qurmaq ehtimalını gündəmə gətirib.
Almaniya mediasında yayılan təhlillərdə hökumət daxilində sosial siyasət, pensiya islahatları, səhiyyə sistemi və enerji strategiyası ilə bağlı ciddi fikir ayrılıqlarının olduğu bildirilir. CDU daxilində də Merzin siyasətinə qarşı narazılıq artır.
İqtisadi vəziyyət isə əsas problemlərdən biri olaraq qalır. Alman sənaye sektoru yüksək enerji xərcləri və ixrac bazarlarındakı zəifləmə səbəbindən çətin dövr yaşayır. ABŞ ilə Avropa arasında ticarət gərginliyi və Yaxın Şərqdəki münaqişələrin yaratdığı enerji böhranı da Almaniya iqtisadiyyatına əlavə təzyiq göstərir.
Bunun əsasında AfD xüsusilə miqrasiya siyasəti, enerji qiymətləri və sosial narazılıqlar üzərindən elektoratını genişləndirir. Partiya Ukraynaya hərbi dəstəyin azaldılması və Rusiya ilə münasibətlərin normallaşdırılması çağırışları ilə seçicilərin bir hissəsinin dəstəyini qazanır.
Alman siyasi dairələrində əsas müzakirə mövzularından biri isə koalisiyanın nə qədər davam gətirə biləcəyidir. Hazırda CDU/CSU, SPD və digər ənənəvi partiyalar AfD ilə əməkdaşlığı istisna etsələr də, parçalanmış siyasi mənzərə gələcəkdə hökumət qurulmasını daha da çətinləşdirə bilər.
çap et