Vaxt.Az

“Məzar üzərinə kəpənək qoymaq”


 

ABŞ–İran toqquşması kövrək atəşkəsi sarsıtdı

“Məzar üzərinə kəpənək qoymaq” ABŞ ordusu Hörmüz boğazında Amerika Hərbi Dəniz Qüvvələrinə məxsus üç esminesə hücum cəhdindən sonra İrana aid hərbi hədəflərə əməliyyat keçirdiyini açıqlayıb. Tehran isə Vaşinqtonu atəşkəsi pozmaqda ittiham edərək, boğazda iki gəminin vurulduğunu və İranın cənubundakı mülki bölgələrin hədəfə alındığını iddia edib.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran yaxın vaxtda razılaşma imzalamasa, daha sərt zərbələrlə üzləşəcək.

Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada qeyd edib ki, üç ABŞ esminesinə ciddi ziyan dəyməyib, lakin “iranlı hücumçular ağır itkilər veriblər”.

İrana məxsus pilotsuz uçuş aparatlarının vurulmasını “məzar üzərinə kəpənək qoymaq” ifadəsi ilə xarakterizə edən Tramp əlavə edib: “Əgər onlar razılaşmanı tezliklə imzalamasalar, gələcəkdə daha güclü və daha sərt zərbə endirəcəyik”.

Qarşılıqlı hücumların aprelin 8-dən qüvvədə olan kövrək atəşkəsi təhlükə altına saldığı bildirilir. Həmin razılaşma ABŞ və İsrailin həftələrlə davam edən hücumlarından sonra əldə edilmişdi. Tehran isə buna Yaxın Şərqdəki əməliyyatlar və Hörmüz boğazını bağlamaq cəhdləri ilə cavab vermişdi.

Dünyanın ən strateji enerji marşrutlarından biri hesab olunan Hörmüz boğazında artan gərginlik beynəlxalq enerji bazarlarında da ciddi narahatlıq yaradıb. Neft və mayeləşdirilmiş təbii qaz tədarükünün böyük hissəsi məhz bu marşrut üzərindən həyata keçirilir.

Bu arada iqtisadi təzyiqlərin artdığı İran ətrafında diplomatik fəaliyyət də intensivləşib. Pakistanın paytaxtı İslamabad vasitəçilik təşəbbüslərinin əsas mərkəzlərindən birinə çevrilib. Məlumata görə, Pakistan hakimiyyəti gərginliyi azaltmağa yönəlmiş ABŞ təklifinə Tehran rəhbərliyinin yekun cavabını gözləyir.

 





08.05.2026    çap et  çap et