Vaxt.Az

Zeytun budağına futbol topuyla cavab


 

ABŞ-Vatikan görüşündə ispan dilində zarafatlaşma, Rubio-Papa dialoqunda gərgin mesajlar

Zeytun budağına futbol topuyla cavab ABŞ Dövlət Katibi Marko Rubionun Vatikan səfəri Papa 14-cü Leo ilə keçirilən yüksək səviyyəli görüşlə yadda qalıb. ABŞ mənbələrinə görə, görüş təkcə diplomatik gündəm baxımından deyil, həm də tərəflər arasında simvolik mesajların verildiyi anlarla diqqət çəkib.

VAXT.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-Vatikan münasibətlərinin son dövrdə Yaxın Şərq münaqişələri və beynəlxalq siyasət fərqləri fonunda gərginləşdiyi bir mərhələyə təsadüf edən görüş təxminən 2,5 saat sürüb. “CBS News” və “The Associated Press” kimi nəhəng media orqanlarının məlumatına görə, əsas müzakirə mövzuları müharibə zonalarında humanitar vəziyyət və diplomatik çıxış yolları olub.

ABŞ mənbələrində görüşdən bəzi maraqlı dialoq anları da yer alıb. “CBS News” və “Independent”ın yaydığı məlumatlara görə, Rubio Vatikan sarayına daxil olarkən Papa 14-cü Leo ilə qısa salamlaşma zamanı “Sizi yenidən görmək çox xoşdur, son səfərdən xeyli vaxt keçib” deyib. Papa isə zarafatla “bir il tamam olmasına cəmi on gün qalıb” cavabını verərək diplomatik söhbətə daha yüngül ton qatıb.

Görüşün ən çox müzakirə olunan hissəsi hədiyyə mübadiləsi zamanı yaşanıb. Rubio Roma Papasına ABŞ Dövlət Departamentinin möhürü olan kristal amerikan futbol topu təqdim edib. Papa isə buna cavab olaraq zeytun ağacından hazırlanmış qələm verib və zeytunun sülhün simvolu olduğunu xüsusi qeyd edib. ABŞ mətbuatında bu an sülh mesajı kimi dəyərləndirilsə də, Rubio tərəfindən təqdim edilən hədiyyəyə Papanın yalnız qısa və soyuq hesab edilən “Vau, OK” reaksiyası verməsi diplomatik dairələrdə diqqət çəkən detal kimi qiymətləndirilib.

ABŞ mənbələrinin və Vatikan müşahidəçilərinin yazdığına görə, Vatikanın keçmiş xarici işlər naziri Kardinal Pietro Parolin tərəfindən Rubioya təqdim olunan kiçik suvenir hədiyyə (açarlıq) zamanı Rubio zarafatla İspan dilində “voy a guardarlo aquí para no perderlo” – yəni “itirməmək üçün bunu buraya (cibimə) qoyum” deyib. Bu an zalda qısa gülüş yaradıb və görüşün gərgin siyasi ab-havasını bir qədər yumşaldan detal kimi qiymətləndirilib.

Müşahidəçilərin yazdığına görə, söhbət zamanı tərəflər daha çox gündəlik və yüngül diplomatik ton istifadə ediblər. Parolin də Rubioya İspan dilində qısa şəkildə “la diplomacia necesita paciencia” (diplomatiya səbr tələb edir) kimi bir ifadə işlədib. Bu cümlə də görüşün əsas mövzusuna – ABŞ ilə Vatikan arasında gərginlik fonunda dialoqun davam etdirilməsinin vacibliyinə işarə kimi qiymətləndirilib.

ABŞ mediası bu cür kiçik dialoqları görüşün “tam rəsmi diplomatik çərçivədən çıxaraq daha şəxsi və yumşaq ton aldığını” göstərən nüanslar kimi şərh edib.

ABŞ mediasında yayılan şərhlərə görə, bu jestlər fonunda Vatikanın mövqeyi daha çox müharibələrin dayandırılması və diplomatik həllərin önə çıxarılması istiqamətindədir. Papa 14-cü Leo son çıxışlarında Yaxın Şərqdə gərginliyin azaldılması və atəşkəs çağırışları ilə çıxış edib.

ABŞ Dövlət Departamenti isə görüşü ümumilikdə konstruktiv və səmimi kimi dəyərləndirib və tərəflərin xüsusilə Yaxın Şərqdə sülh, humanitar yardım və dini azadlıqlar mövzusunda fikir mübadiləsi apardığını bildirib.

“PBS News” və “Reuters” kimi mənbələrə görə, görüş ABŞ-Vatikan münasibətlərində fikir ayrılıqlarının mövcudluğunu göstərsə də, diplomatik dialoqun davam etdirilməsi baxımından mühüm addım hesab olunur. Analitiklər bildirirlər ki, Vatikanın müharibə əleyhinə sərt mövqeyi Vaşinqtonla müəyyən ziddiyyətlər yaratsa da, tərəflər açıq qarşıdurmadan daha çox diplomatik balansı qorumağa çalışır.

 





08.05.2026    çap et  çap et