Vaxt.Az

Moskvada Şoyqu qorxusu


 

Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır

Moskvada Şoyqu qorxusu Qərb mediasında son günlər Rusiya hakimiyyətinin daxilində mümkün qarşıdurma və Kremlin təhlükəsizlik narahatlıqları ilə bağlı diqqətçəkən məlumatlar yayılıb.

VAXT.AZ xəbər verir ki, bir sıra beynəlxalq media qurumlarının yazdığına görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə bağlı hakimiyyət daxilində çevriliş riski ehtimalı Qərb kəşfiyyat hesabatlarında müzakirə olunur.

Məlumat ilk olaraq “Financial Times”, CNN və rusiyalı mühacir jurnalistlərin yaratdığı “Vajnıye İstorii” layihəsində gündəmə gətirilib. Daha sonra “DW”, “The Moscow Times” və digər media qurumları mövzuya geniş yer ayırıb.

Yayılan materiallarda iddia olunur ki, adı açıqlanmayan Avropa ölkələrindən birinin kəşfiyyat hesabatında Kreml daxilində güc balansının dəyişməsi və elita daxilində gərginliyin artması ehtimalı qeyd edilib. Hesabatda xüsusilə Sergey Şoyqunun adı potensial siyasi faktor kimi hallandırılıb.

“DW”nin yazdığına görə, bəzi analitiklər bunu real çevriliş planından daha çox Kremlin daxilində artan paranoyanın və qarşılıqlı etimadsızlığın göstəricisi hesab edir. Ekspertlər bildirirlər ki, Ukraynanın son aylarda Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələr, Moskvanın təhlükəsizlik sisteminə dair sualları artırıb və hakimiyyət daxilində məsuliyyət müzakirələrini gücləndirib.

Mediada yayılan şərhlərdə qeyd olunur ki, Qırmızı Meydanda keçiriləcək hərbi parad öncəsi Ukrayna tərəfindən səsləndirilən hücum təhdidləri də Kremlin təhlükəsizlik narahatlıqlarını daha da artırıb. Bəzi materiallarda bu prosesin eyni vaxtda yayılan “Mindiç lentləri” (“плёнки Миндича”) ilə əlaqələndirildiyi də vurğulanır. Həmin lentlərin Rusiya siyasi və biznes elitası ilə bağlı kompromat xarakterli məlumatlar olduğu iddia edilir.

“The Moscow Times” yazır ki, Kreml daxilində müxtəlif güc mərkəzləri arasında rəqabətin artması fonunda informasiya sızmaları və mediaya məqsədli məlumat ötürülməsi ehtimalı da ciddi müzakirə olunur.

Bununla yanaşı, Qərb mediası bu iddiaların rəsmi şəkildə təsdiqlənmədiyini xüsusi vurğulayır. Nə Kreml, nə də Rusiya Təhlükəsizlik Şurası yayılan xəbərlərlə bağlı açıq açıqlama verib.

Analitiklərin bir hissəsi hesab edir ki, bu cür məlumatların mediaya çıxması həm psixoloji təzyiq aləti, həm də Rusiya hakimiyyətində qeyri-sabitlik görüntüsü yaratmaq cəhdi ola bilər. Digər ekspertlər isə Ukrayna müharibəsinin uzanması, iqtisadi təzyiqlər və təhlükəsizlik böhranının Kremlin daxilində real narazılıqları dərinləşdirdiyini düşünür.

 





08.05.2026    çap et  çap et