Vaxt.Az

Britaniyada 3-cü qüvvə yaranır


 

Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi

Britaniyada 3-cü qüvvə yaranır İngiltərədə keçirilən yerli seçkilər Baş nazir Keir Starmer rəhbərlik etdiyi Leyboristlər Partiyası üçün ciddi siyasi zərbə ilə nəticələnib. İlkin nəticələrə görə, partiya yüzlərlə yerli mandat itirərkən, sağçı Nigel Faragenin rəhbərlik etdiyi “Reform” ölkə üzrə əhəmiyyətli irəliləyiş əldə edib.

Rəsmi nəticələrin ilkin mərhələsinə əsasən, Reform Partiyası 478 yerli mandat qazanıb. “Leyboristlər” isə nəticələrin açıqlandığı 136 yerli idarədən 57-də ciddi itkilərlə üzləşərək ümumilikdə 322 mandat itirməklə 959 yerə sahib olub. Eyni zamanda Şotlandiya və Uelsdə regional parlament seçkilərinin nəticələrinin də gün ərzində açıqlanacağı bildirilir.

Baş nazir Keir Starmer seçkinin ilkin nəticələrini “çox sərt” adlandıraraq məsuliyyəti üzərinə götürdüyünü bildirib. O, seçicilərə vəd etdiyi dəyişiklikləri həyata keçirməkdə qərarlı olduğunu qeyd edib və istefa çağırışlarına cavab olaraq “geri çəkilib ölkəni xaosa buraxmayacağını” deyib.

“Reform” Partiyası lideri Nigel Farage isə nəticələri “Britaniya siyasətində tarixi dönüş nöqtəsi” kimi qiymətləndirib və partiyasının artıq siyasi sistemdə qalıcı güc olduğunu bildirib.

Ənənəvi olaraq Böyük Britaniya siyasəti uzun illər Leyboristlər və Mühafizəkarlar arasında rəqabət üzərində qurulsa da, “Reform”un yüksəlişi siyasi mənzərənin dəyişdiyi barədə müzakirələri gücləndirib.

Uelsdə Leyborstlərin 27 illik üstünlüyünü itirə biləcəyi ehtimalı gündəmdədir. Sorğulara görə, burada “Reform” ilə Uelsin müstəqilliyini dəstəkləyən “Uels Partiyası” arasında gərgin mübarizə gedir.

Şotlandiyada isə “Şotland Milli Partiyası”nın Leyboristləri qabaqladığı barədə sorğular açıqlanıb. Bu da Starmer hökuməti üçün əlavə təzyiq yaradır. Bu partiya Şotlandiyanın müstəqilliyini dəstəkləyən əsas siyasi qüvvədir.

Seçki nəticələrinin Baş nazirə qarşı istefa çağırışlarını gücləndirə biləcəyi bildirilir. Starmer 2024-cü ildə 14 illik mühafizəkar hökumət dövrünü sona çatması ilə hakimiyyətə gəlmişdi, lakin qısa müddətdə populyarlığının azalmışdı.

Böyük Britaniya mediasında onun yerinə mümkün alternativlər kimi hökumətdə yüksək vəzifə tutan bəzi şəxslərin adı çəkilsə də, hazırda rəsmi lider dəyişikliyi gündəmdə deyil.

Baş nazirin müavini David Lammi isə rəhbərliyin dəyişdirilməsinin səhv olacağını bildirərək, “uçuş zamanı pilot dəyişdirilməz” ifadəsi ilə mövcud hökumətin davam etməli olduğunu vurğulayıb.

Yerli seçkilər Böyük Britaniyada siyasi güc balansının dəyişdiyini göstərən ilk siqnallardan biri kimi qiymətləndirilir. Leybroistlərin itkiləri, “Reform” Partiyasının yüksəlişi və regional parçalanma tendensiyası ölkədə növbəti ümumi seçkilərə qədər siyasi gərginliyin artacağını göstərir.

 





09.05.2026    çap et  çap et