Vaxt.Az

İtaliyalı diplomat həbs olundu


 

Keçmiş səfir Rusiya vətəndaşlarına Şengen vizası verən şəbəkə qurumaqda günahlandırılır

İtaliyalı diplomat həbs olundu İtaliyada Özbəkistanda keçmiş səfir olmuş Papadia de Bottini (Pyerqabriyele Papadia de Bottini di Sant-Agneze) və onun mümkün əlaltısının həbsi ilə bağlı qalmaqallı korrupsiya ittihamı üzrə cinayət işi açılıb.

VAXT.AZ “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, diplomatik nümayəndəlikdə “Şengen” vizalarının qanunsuz verilməsi ilə bağlı sxem aşkar edilib. İş üzrə həm keçmiş səfir Papadia de Bottini həm də onun əməkdaşı olduğu iddia edilən Tatyana Tarakanova saxlanılıb.

Məlumata görə, Papadia 2024-cü ilin dekabrından 2025-ci ilin həmin ayına qədər İtaliyanın Özbəkistandakı səfiri olub. O, vəzifəyə gəldikdən sonra viza şöbəsinin idarəçiliyini şəxsi nəzarətə götürüb və daha sonra bura əvvəllər Moskva konsulluğunda onunla birlikdə çalışmış Rusiya və İtaliya vətəndaşı olan Tatyana Tarakanovanı təyin edib.

İstintaq iddia edir ki, onlar Rusiya vətəndaşlarına ödəniş müqabilində uzunmüddətli Şengen vizalarının verildiyi qeyri-qanuni sistem qurublar. Viza üçün tələb olunan məbləğin 4 min avrodan 16 min avroya qədər olduğu bildirilir.

Sxemdə Moskvada qeydiyyatdan keçmiş – “Happy Travel”, “Visa4you” və “Park Lane” kimi üç turizm şirkətinin də olduğu qeyd edilir. İddialara görə, bu şirkətlər vasitəsilə ən azı 95 Rusiya vətəndaşı qanunsuz şəkildə İtaliyaya giriş vizası əldə edib.

İstintaqın diqqət çəkdiyi məqamlardan biri də budur ki, həmin şəxslərin əksəriyyətinin səfirliyə şəxsi müraciət qeydləri yoxdur. Bu isə vizaların prosedur qaydalarının pozulmaqla, qeyri-rəsmi kanallarla verildiyini göstərir.

Hazırda iş üzrə araşdırma davam edir.

 





09.05.2026    çap et  çap et