Vaxt.Az

Hantavirus təlaşı böyüyür


 

Test analizləri pozitiv çıxan Fransa vətəndaşının vəziyyəti ağırdır

Hantavirus təlaşı böyüyür Cənubi Amerikadan Avropaya doğru hərəkət edən “MV Hondius” kruiz gəmisində qeydə alınan hantavirus yayılmasından sonra Fransaya təxliyə edilən sərnişinlərdən birinin laboratoriya testləri pozitiv çıxıb.

VAXT.AZ “The Guardian”a istinadən xəbər verir ki, Fransanın Baş naziri Sebastian Lekornunun sözlərinə görə, Kanar adalarından ölkəyə gətirilən beş Fransa vətəndaşından birində uçuş zamanı simptomlar yaranıb. Sonradan aparılan analizlər həmin sərnişinin “Andes hantavirusu”na yoluxduğunu göstərib.

Fransanın səhiyyə naziri Stefani Ristnin sözlərinə görə, yoluxmuş qadının vəziyyəti ağırlaşdığı üçün o, Parisdə reanimasiya şöbəsinə yerləşdirilib. Digər dörd fransız sərnişinin ilkin test nəticələri mənfi çıxsa da, onlar da təkrar müayinədən keçiriləcək.

Fransa hökuməti “MV Hondius” gəmisində olmuş və ölkəyə daxil olmuş şəxslər üçün sərt karantin rejimi tətbiq edib. Qərara əsasən, həmin şəxslər ilkin tibbi müşahidədən sonra ümumilikdə 42 gün ərzində nəzarət altında saxlanılacaq. Fransa hakimiyyəti həmçinin 22 nəfəri mümkün təmaslı şəxs kimi müəyyən edib.

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, “MV Hondius” gəmisində indiyədək təsdiqlənmiş yeddi hantavirus yoluxması qeydə alınıb. Üç sərnişin həyatını itirib. Virusun mənbəyi kimi Argentinada gəmi sərnişinlərinin iştirak etdiyi ekspedisiya zamanı gəmiricilərlə təmas ehtimalı araşdırılır.

Mütəxəssislər bildirirlər ki, gəmidə aşkarlanan “Andes hantavirusu” insanlar arasında ötürülə bilən yeganə məlum növdür. Bununla belə, DST və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) ümumi əhali üçün riskin aşağı olaraq qaldığını vurğulayır.

“MV Hondius” gəmisi İspaniyanın Tenerife adası yaxınlığında lövbər saldıqdan sonra sərnişinlər ölkələr üzrə qruplar halında təxliyə olunub. Sərnişinlər arasında Fransa, ABŞ, Böyük Britaniya, Almaniya, Hollandiya və digər ölkələrin vətəndaşları olub. Təxliyədən sonra gəmi az sayda heyətlə Niderlanda doğru yola düşüb.

 





12.05.2026    çap et  çap et