Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznıda çoxmənzilli yaşayış binasında güclü yanğın baş verib. Nəticədə 300 sakin təxliyə olunub.VAXT.AZ “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Çeçenistan üzrə Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə mayın 12-nə keçən gecə şəhərin Sadayev küçəsində yerləşən doqquzmərtəbəli binada baş verib. Alov qısa müddətdə binanın yuxarı mərtəbələrini və dam örtüyünü bürüyərək ümumilikdə 2 850 kvadratmetr sahəni əhatə edib.
Yanğının söndürülməsinə onlarla yanğınsöndürən və xüsusi texnika cəlb olunub. Səhər saatlarınadək alov tam nəzarətə götürülərək söndürülüb.
Qroznı meri Xas-Məhəmməd Kadırovun sözlərinə görə, bir neçə sakin karbonmonoksid zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onların həyatına təhlükə olmadığını bildiriblər.
Rəsmi qurumlar hadisə nəticəsində ölən olmadığını açıqlayıblar.
Çeçenistan rəhbəri Ramzan Kadırovun göstərişi ilə zərər çəkmiş ailələrin müvəqqəti olaraq kirayə mənzillərə yerləşdiriləcəyi bildirilib. Eyni zamanda, binada təmir-bərpa işlərinə başlanacağı və sakinlərin zəruri mebel və məişət avadanlığı ilə təmin olunacağı qeyd edilib.
Çeçenistan Fövqəladə Hallar Nazirliyinin ilkin qiymətləndirməsinə görə, yanğına elektrik təsərrüfatında baş vermiş nasazlıq və ya elektrik avadanlıqları ilə ehtiyatsız davranış səbəb ola bilər.
Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.
çap et