2018–2019-cu illərdə Argentinada “Andes” tipli hantavirusun insandan insana ötürülməsi qeydə alınmışdı. Həmin dövrdə 34 təsdiqlənmiş yoluxma və 11 ölüm faktı qeydə alındı. Aparılan sonrakı epidemioloji təhlillər göstərdi ki, vaxtında tətbiq olunan nəzarət tədbirləri bu tip virusun yayılmasını effektiv şəkildə dayandıra bilir.VAXT.AZ xəbər verir ki, COVID-19 pandemiyası ilə bağlı xatirələrin hələ də ictimai yaddaşda güclü qalması səbəbilə, hantavirusun beynəlxalq səviyyədə yayılacağı ilə bağlı narahatlıqlar da artıb.
Dünya Səhiyyə Təşkilatının (DST) Baş direktoru Tedros Adhanom Qebreyesus mayın 9-da İspaniyanın Tenerife adasında çıxışı zamanı “narahat olduğunuzu bilirəm” deyərək ictimai panikaya diqqət çəkib.
Hazırda hantavirusun yayıldığı “MV Hondius” adlı kruiz gəmisində üç nəfərin həyatını itirdiyi, bir neçə şəxsin isə yoluxduğu bildirilir. Gəmidə ümumilikdə 147 sərnişin və heyət üzvü olub. Onların Almaniya, Fransa və Avstraliya daxil olmaqla müxtəlif ölkələrə geri qaytarılacağı açıqlanıb.
Tedros çıxışında vurğulayıb ki, “epidemiya” sözünü eşitmək və sahillərə yaxınlaşan bir gəmi görmək COVID dövrünün ağır xatirələrini yenidən canlandırır.
Mütəxəssislər iki virus arasında mühüm fərqlərin olduğunu bildirir.
2019-cu ildə ortaya çıxan “SARS-CoV-2” koronavirusu yeni bir patogen olduğu üçün həm tibb ictimaiyyəti, həm də səhiyyə qurumları onun xüsusiyyətləri barədə əvvəlcədən məlumatlı deyildi. Virusun necə yayıldığı, sürəti və qarşısının necə alınacağı ilkin mərhələdə qeyri-müəyyən idi.
Hantavirus isə 1993-cü ildən bəri elmi ictimaiyyətə məlumdur. Bundan əlavə, onun səbəb olduğu Hantavirus Ağciyər Sindromu (HPS) yaxşı tanınan klinik tablo olduğuna görə, yoluxma halları daha operativ şəkildə aşkarlanır və dərhal izolyasiya tədbirləri görülür.
2018-ci ildə Argentinada baş verən epidemiya zamanı tətbiq olunan sosial məsafə və karantin kimi tədbirlərin virusun insandan insana ötürülməsini əhəmiyyətli dərəcədə azaltdığı sonradan təsdiqlənib.
2020-ci ildə yayımlanan elmi araşdırmada Argentinadakı “Andes” virusu ilə “MV Hondius” gəmisində aşkar edilən variantın eyni xəttə aid olduğu qeyd edilib. Araşdırmaya görə, yoluxmuş şəxslərin izolyasiyası və kontaktların karantinə alınması yoluxma sürətini iki dəfə azaldıb.
“New England Journal of Medicine” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, ilkin mərhələdə bir yoluxmuş şəxsin orta hesabla 2,12 nəfərə virus ötürdüyü halda, tədbirlərdən sonra bu göstərici 0,96-ya düşüb. Bu isə epidemiyanın tədricən sönməsinə gətirib çıxaran əsas faktor kimi qiymətləndirilir.
Rəsmi məlumatlara görə, gəmidə təsdiqlənmiş yoluxma sayı 8 nəfər, şübhəli hallar isə 2 nəfər olub. Lakin hadisələrin təsdiqlənməsi və cavab tədbirlərinin tətbiqi müəyyən gecikmə ilə həyata keçirilib.
Gəmi operatoru “Oceanwide Expeditions” bildirib ki, ilk ölüm hadisəsi aprelin 11-də baş verib, lakin ölümün hantavirusla bağlı olduğu yalnız mayın 4-də təsdiqlənib.
Gəmi Tenerife limanına çatdıqda isə artıq virusun növü ilə bağlı heç bir şübhə qalmamışdı. İspan səhiyyə qurumları yayılmanın qarşısının alınması üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb.
Sərnişinlər, heyət və tibbi personal FFP2 maskalar və qoruyucu geyimlərdən istifadə edib, şəxsi əşyalar isə xüsusi möhürlənmiş paketlərdə daşınıb.
“Pirbright Institute” tədqiqatçısı Ciulia Qallo bildirib ki, yoluxma riskini azaltmaq üçün maska istifadəsi və təmasların minimuma endirilməsi mövcud elmi məlumatlarla tam uyğundur.
Hantavirus infeksiyaları dünya miqyasında nadir hallarda rast gəlinir. DST-nin məlumatına əsasən, 2025-ci ildə Amerika qitəsində 229 yoluxma və 59 ölüm halı qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, virusun məlum olması və nəzarət mexanizmlərinin mövcudluğu onun “COVID-19” kimi qlobal pandemiyaya çevrilmə riskini əhəmiyyətli dərəcədə azaldır.
çap et