Çinin ixracatı Süni intellekt əsaslı texnoloji avadanlıqlara artan qlobal tələbin təsiri ilə kəskin yüksəliş nümayiş etdirib. Rəsmi gömrük məlumatlarına əsasən, ölkənin ixrac həcmi aprel ayında illik müqayisədə 14 faiz artaraq 359 milyard dollara çatıb və aylıq rekord yenilənib.VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, xüsusilə yarımkeçirici (çip) ixracında müşahidə olunan 100 faizlik artım Çin şirkətlərinin ixrac gəlirlərini ciddi şəkildə yüksəldib. Hesablamalara əsasən, Çin ixracat sektoru hər saatda orta hesabla təxminən 500 milyon dollar gəlir əldə edir.
“Goldman Sachs” və “Nomura” tərəfindən yayımlanan proqnozlara görə, Çinin aprel ayı ixrac artımının təxminən yarısı çiplər, kompüterlər və süni intellektlə bağlı digər yüksək texnologiyalı məhsulların payına düşür.
Bu göstəricilər süni intellektin yalnız proqram təminatı səviyyəsində deyil, eyni zamanda qlobal miqyasda nəhəng bir sənaye və ticarət zəncirini formalaşdırdığını ortaya qoyur.
Gömrük statistikasına əsasən, aprel ayında çip ixracı 100% artaraq 31 milyard dollara yüksəlib. Avtomatik məlumat emalı avadanlıqlarının ixracı isə 47% artım göstərib. Ümumi ixrac həcmi 359 milyard dollar səviyyəsinə çataraq tarixi maksimumu yeniləyib.
Süni intellekt sektorundakı genişlənmə Çini yalnız ixrac edən ölkə kimi deyil, həm də yüksək texnologiyalı məhsulların böyük idxalçısı kimi ön plana çıxarır.
Yüksək texnologiya məhsullarının idxalı illik müqayisədə 42 faiz artıb. Ümumi idxal isə aprel ayında 25 faiz yüksələrək 275 milyard dollara çatıb.
İqtisadçıların proqnozlarına görə, 2021-ci ildən bəri ilk dəfə Çində idxal artım sürətinin ixracı üstələməsi ehtimalı yaranıb.
Analitiklər qeyd edirlər ki, həm ABŞ, həm də Çin iqtisadi artımın mühüm hissəsini süni intellektə bağlı investisiyalardan əldə edir.
ABŞ-də ilin əvvəlində artımı dəstəkləyən əsas faktor Süni intellekt yönümlü korporativ investisiyalar olub. Çin isə ABŞ-la texnoloji və siyasi rəqabət fonunda qlobal Süni intellekt avadanlıq tələbatını qarşılayaraq ixracını genişləndirir.
Mütəxəssislərə görə, bu tendensiya süni intellekti artıq yalnız texnoloji sahə deyil, qlobal iqtisadi güc balansını müəyyən edən əsas faktor halına gətirib.
çap et