Vaxt.Az

“Çinin yardımına ehtiyacımız yoxdur”


 

Tramp: “İstənilən halda buna nail olacağıq”

“Çinin yardımına ehtiyacımız yoxdur” ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla davam edən qarşıdurmanın başa çatdırılması üçün Si Cinpinqin və ya Çinin yardımına ehtiyac görmür.

Tramp bu barədə Pekində keçirilməsi planlaşdırılan mühüm sammit ərəfəsində jurnalistlərə açıqlamasında danışıb. O qeyd edib ki, dünya neft tədarükünün təxminən beşdə birinin keçdiyi mühüm dəniz marşrutu ətrafında davam edən gərginliyin həlli üçün Pekinin dəstəyinə ehtiyac duymur.

“İran məsələsində hər hansı yardıma ehtiyacımız olduğunu düşünmürəm. Biz buna bu və ya digər şəkildə nail olacağıq – ya sülh yolu ilə, ya da başqa üsulla”, – deyə Tramp vurğulayıb.

İran və ABŞ arasında əldə olunmuş kövrək atəşkəsin qüvvəyə minməsindən bir aydan artıq vaxt keçməsinə baxmayaraq, münaqişəyə son qoyacaq yekun razılaşma istiqamətində ciddi irəliləyiş qeydə alınmayıb.

Bu arada İranın Hörmüz boğazı üzərində təsir imkanlarını daha da artırdığı bildirilir. Məsələyə yaxın mənbələrin məlumatına görə, Tehran bu marşrut vasitəsilə neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təşkili üçün Iraq və Pakistan ilə razılaşmalar əldə edib.

Mənbələr digər ölkələrin də oxşar razılaşmaları nəzərdən keçirdiyini bildirirlər. Bu isə İranın boğaz üzərində nəzarətini daha da möhkəmləndirə bilər.

 





13.05.2026    çap et  çap et