Vaxt.Az

Britaniyada siyasi böhran


 

Starmerdən sonra kim gələ bilər?

Britaniyada siyasi böhran Kir Starmer üzərində istefa təzyiqlərinin artdığı bir vaxtda, hakim Leyboristlər Partiyasının daxilində mümkün lider dəyişikliyi ilə bağlı müzakirələr intensivləşib.

VAXT.AZ “The Guardian”a istinadən xəbər verir ki, partiya kulislərində Starmerin postunu itirəcəyi təqdirdə onun yerinə keçə biləcək bir neçə əsas fiqurun adı hallanır. Bunlar arasında səhiyyə naziri Ues Stritinq, Böyük Mançester meri Endi Börnham və sabiq baş nazir müavini Ancela Rayner ön plana çıxır.

Ues Stritinq 2024-cü ildən səhiyyə naziri vəzifəsini tutur və partiyanın mərkəzçi qanadının əsas simalarından biri hesab olunur. Britaniya mətbuatı onu güclü kommunikasiya bacarığına malik siyasətçi və potensial lider namizədi kimi dəyərləndirir.

Endi Börnham isə uzun illərdir Mançester meri kimi fəaliyyət göstərir və yüksək ictimai nüfuza malikdir. O, daha əvvəl iki dəfə Leyboristlər Partiyasının liderliyi uğrunda mübarizə aparıb. Hazırda parlament üzvü olmaması onun əsas zəif tərəfi sayılır.

Ancela Reyner də mümkün namizədlər sırasında göstərilir. O, sosial məsələlər və kirayəçilərin hüquqları ilə bağlı təşəbbüsləri ilə tanınır. Lakin vergi məsələləri ilə bağlı aparılan araşdırmalar onun siyasi perspektivlərini zəiflədə bilər.

Partiya daxilində sabiq lider Ed Miliband və daxili işlər naziri Şabana Mahmudun da adları çəkilir. Bununla belə, onların hazırkı mərhələdə əsas favoritlər arasında olmadığı bildirilir.

Leyborist Partiyasının qaydalarına əsasən, Starmer mümkün liderlik yarışında yenidən namizəd ola bilər. O, belə bir yarış keçiriləcəyi təqdirdə iştirak etməyə hazır olduğunu açıqlayıb.

Beləliklə, Böyük Britaniyada siyasi gərginliyin artdığı bir vaxtda Leyborist Partiyasında liderlik məsələsi ölkə siyasətinin əsas gündəm mövzularından birinə çevrilib.

 





13.05.2026    çap et  çap et