Vaxt.Az

Hazırlıqlar tamamlanıb


 

Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir

Hazırlıqlar tamamlanıb Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində mühüm addım atılıb. Türkiyə Xarici İşlər Nazirliyi iki ölkə arasında birbaşa ticarətin başlanması üçün bütün texniki və bürokratik hazırlıqların mayın 11-də başa çatdırıldığını açıqlayıb.

VAXT.AZ “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Nazirliyin sözçüsü Öncü Keçəli bildirib ki, birbaşa ticarətin başlanması ilə bağlı prosedurlar tam yekunlaşıb. Bu addım Türkiyənin vitse-prezidenti Cevdət Yılmazın İrəvana səfəri və iki ölkənin texniki heyətləri arasında aparılan danışıqlardan sonra atılıb.

Normallaşma prosesi çərçivəsində Türkiyə ilə Ermənistan sərhədində yerləşən tarixi Ani körpüsünün birgə bərpası və Qars-Gümrü dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi prioritet məsələlərdən biridir.

Tərəflər hesab edirlər ki, bu layihələr yalnız iki ölkə arasında iqtisadi əlaqələri gücləndirməyəcək, həm də Cənubi Qafqazda yeni logistika və ticarət imkanları yaradacaq.

Yeni qaydalara əsasən, üçüncü ölkələr üzərindən daşınan yüklərin sənədlərində son təyinat və çıxış ölkəsi kimi birbaşa “Türkiyə” və “Ermənistan” göstəriləcək.

Bu dəyişiklik indiyədək əsasən Gürcüstan vasitəsilə həyata keçirilən dolayı ticarətdə əlavə xərcləri azaldacaq, gömrük prosedurlarını sadələşdirəcək və ticarət əməliyyatlarının daha şəffaf şəkildə aparılmasına imkan verəcək.

Türkiyə Xarici İşlər Nazirliyi iki ölkə arasındakı quru sərhədinin açılması üçün texniki və inzibati hazırlıqların davam etdiyini bildirib. Növbəti mərhələdə sərhəd-keçid məntəqələrinin infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur.

Türkiyə tərəfi bu prosesi regionda iqtisadi əməkdaşlığın inkişafı və bütün Cənubi Qafqaz ölkələrinin rifahına xidmət edən strateji addım kimi qiymətləndirir.

 





13.05.2026    çap et  çap et