«Palmali» Şirkətlər Qrupunun mətbuat xidmətindən verilən məlumata görə, şirkət prezidenti Mübariz Mənsimovun təşəbbüsü ilə tankerə Məcid Aslanovun adı verilib.
Qeyd edək ki, Məcid Mənsim oğlu Aslanov 1900-cu ildə Masallı rayonunun Miyankü kəndində dünyaya gəlib. O, Palmali Şirkətlər Qrupunun qurucusu və prezidenti Mübariz Mənsimovun babasıdır. Bu zəhmətkeş insan Mübariz Mənsimovun həyatında atası və anası qədər böyük rol oynamış, onun ilk və ən önəmli həyat müəllimi olub. Mübariz Mənsimov babasından namusla və halal yaşamağı, Vətənə və millətə sevgini, zəhmətkeşliyi, dürüst olmağı, yalan və riyakarlığa nifrəti öyrənib.
Bakıda doğulub və təhsil almasına baxmayaraq Mübariz Mənsimov bütün məktəb tətillərini Azərbaycanın ən dilbər guşələrindən biri olan Miyanküdəki ata evində keçirib. El-obasına, Vətəninə, onun bənzərsiz təbiətinə, qorxmaz insanlarına olan sevgi və bağlılıq da Mübariz Mənsimova məhz babası və nənəsinin yanında keçirtdiyi illər zamanı aşılanıb.
Məcid Mənsim oğlu Aslanov 1941-ci ildə SSRİ-nin II Dünya Müharibəsinə qatılmasıyla o da savaşa yollanıb. Taqanroq diviziyasında döyüşən M.Aslanov 1943-cü ildə ağır yaralanmasına rəğmən geri dönməyib və Berlinə qədər çətin döyüş yolu keçib. 1945-də müharibənin bitməsinə baxmayaraq 1947-ci ilə qədər Sovet ordusunun Almaniyadakı qoşunlarında əsgərlik xidmətinə davam edib.
Onun 6 övladından olan 60 nəvəsi, 100-dən artıq nəticə və kötükcəsi bu gün dünyanın müxtəlif ölkələrində yaşamaqdadır. Məcid Aslanov 1993-cü ildə vəfat edib.
Bu gün dünyanın ən böyük dəniz daşımaçılığı ilə məşğul olan şirkətlərindən birini qurmuş Mübariz Mənsimov böyüklərinə olan vəfa borcunu az da olsa ödəyə bilmək, onların adını əbədiləşdirmək üçün növbəti gəmilərindən birinə ``Məcid Aslanov`` adını verməyi qərarlaşdırıb…
Bununla bağlı keçirilən mərasimdə «Palmali» Şirkətlər Qrupunun birinci vitse-prezidenti Maarif Mənsimov, şirkət rəhbərliyi, bir sıra yerli və xarici qonaqlar iştirak edib.
Yeni layihəyə əsasən hazırlanan tanker daha da gücləndirilmiş dəniz funksiyasına malik olmaqla, bütün beynəlxalq daşıma tələblərinə tam cavab verir. Layihələndirmə zamanı dünya neft şirkətlərinin xüsusi tələbləri və əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb. (ANS)