Fransada daha əvvəl “MV Hondius” kruiz gəmisi ilə bağlı 13 nəfərin karantinə alınması barədə məlumatların yayılmasından sonra, Avropada hantavirusla bağlı vəziyyət diqqət mərkəzində qalmağa davam edir.VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu dəfə Hollandiyada yeni karantin qərarı verilib. Nijmegen şəhərində yerləşən “Radboudumc” Universitet Xəstəxanasında yoluxmuş xəstə ilə təmasda olan 12 tibb işçisi ehtiyat tədbiri olaraq 6 həftəlik karantinə alınıb.
Xəstəxananın açıqlamasına görə, karantinə alınan əməkdaşlar “MV Hondius” gəmisindən gətirilən xəstənin müalicəsi zamanı qoruyucu tibbi protokollara tam əməl etməyiblər. Buna görə də onların virusa yoluxma ehtimalı aşağı qiymətləndirilsə də, profilaktik tədbir kimi izolasiya qərarı verilib.
Məlumata əsasən, hadisə zamanı xəstədən götürülən qan nümunələrinin xüsusi təhlükəsizlik qaydaları ilə işlənməsi tələb olunurdu. Bundan əlavə, xəstənin bioloji materialının məhv edilməsi prosesində də beynəlxalq standartlara uyğunluqla bağlı pozuntular aşkarlanıb.
“Radboudumc” xəstəxanasının rəhbərliyi bildirib ki, bu addımlar ciddi təhlükə ehtimalına görə deyil, mümkün riskləri tam aradan qaldırmaq məqsədi daşıyır və proses daxili araşdırmaya götürülüb.
Daha əvvəl “MV Hondius” kruiz gəmisində olan sərnişinlərin də 6 həftəlik ev karantini altında saxlanılacağı açıqlanmışdı. Hollandiya Səhiyyə Nazirliyi qərarın milli səhiyyə qurumlarının tövsiyəsi əsasında verildiyini bildirib.
Gəmidə qeydə alınan “Andes variantı” hantavirus halları səbəbilə xəstəliyin A2 kateqoriyalı yoluxucu xəstəliklər siyahısına daxil ediləcəyi də qeyd olunur. Bu qərar gələcəkdə bütün şübhəli halların məcburi şəkildə səhiyyə orqanlarına bildirilməsini nəzərdə tutur.
Dünya Səhiyyə Təşkilatı (DST) yaydığı açıqlamada hantavirusun “COVID-19” kimi sürətlə yayılan yeni pandemiya riski yaratmadığını bildirib. Təşkilatın məlumatına görə, virus əsasən birbaşa insandan-insana asanlıqla keçmir və yoluxma halları məhdud xarakter daşıyır.
DST həmçinin qeyd edib ki, risk qruplarında olan şəxslər 42 gün müddətində simptomlara qarşı nəzarətdə saxlanılmalıdır və erkən əlamətlərin müşahidə olunması halında dərhal tibbi yardıma müraciət edilməlidir.
çap et