Vaxt.Az

At əti ...


 

... Yaxud işgəncəli çeynəmə “əməliyyatı”

At əti ... Dəvət olunduğum bir qonaqlıqda bilmədən at əti yemişəm. Daha doğrusu, bilmədən mənə at əti yediriblər.

Şimalımızda olan qonşularımızdan biri – bizim Şimali Qafqazın köklü toplumlarından birinin nümayəndəsi (xoşbəxtlikdənmi ya tərslikdənmi) burada da qonşumdur – zəng elədi ki, anam gəlib, milli yeməyimizdən bişirib, səni də dəvət edirik.

Düşündüm, hamımız qafqazlı balasıyıq, milli yemək yəqin dolma, plov, küftə-bozbaş, xəngəl-filan qismindən bir şey olar. Qonşuyuq axı, nə qədər olmasa da, bir-birimizdən təsirlənmişik, mədəni alış-veriş etmişik, mədəmiz də, mətbəximiz də az-çox bənzər olar.

Getdim.

Mənim heç ağlıma da gəlməzdi ki, ilk baxışdan titiz, yeməyinə diqqətli, imanlı-dindar görünən qonşularımızın süfrə mədəniyyəti bizimkindən bu qədər fərqlənərmiş.

Nə isə, əyləşdik süfrəyə.

Xəmir yeməyidir — çeçələ barmaq boyda xəmir bükümləri suda qaynadılıb (tipik Qafqaz yeməyi) üstündə də iki parça qaynadılmış ət və bir qab da sulu sarımsaq.

İlk baxışdan ətin rəngi-ruhu gözümə yatmadı. Dalağımla birlikdə mədəm də sancdı.

İri əzələ toxumalı, rəngi qaraya çalan tünd qırmızı bir ət idi. Öz-özümə düşündüm ki, yəqin Qafqazın dağlıq ərazisində gəzmiş (anası əti özüylə oradan gətirib), bu səbəbdən də əzələ lifləri yoğunlaşmış, rəngi tündləşmiş mal ətidir. Dedim əşi, ən pis halda camış əti olar də, ye getsin!

Ətdən bir tikə kəsib ağzıma qoyub kamali-ədəblə çeynəməyə başladım.

Çox sərt, quru — bəlkə də qaxac edilmiş — qəribə bir ət, daha doğrusu biokütlə... Ağac qabığı kimi sərt olsa da çeynədikcə çürümüş kimi dişin altında dağılırdı. Yağsız, bir az da qurudulmuş balıq dadı/qoxusu verən bir şey...

Yedikcə sanki burnuna uzaqdan quru balıq qoxusu gəlir. Sanki vətəgədə oturub yemək yeyirsən.

İntensiv balıq qoxusu gəlir, amma diqqətini ağzında çeynədiyinə cəmləşdirib “bu yediyim balıqdırmı” düşünəndə ani olaraq o qoxu hissi uzaqlaşır, yediyinin balıq olmadığını anlayırsan. Elə ki, öz-özünə “yox, bu yediyim balıq deyil qırmızı ətdir” düşüncəsinə geri dönən kimi həmin o balıq qoxusu yenidən burnunda, damağında yenidən peyda olur.

Bir az da mazut tamı var. Elə bil əti suda yox, neftdə qaynatmısan.

Soruşuram:

— Bu mal ətidir?

Anası çox sakit, halını da pozmadan deyir:

— Yox, at ətidir.

Pəh!

Başımın içində elə bil at təpik atdı.

Allah sizə kömək olsun, bəs bunu adama əvvəlcədən deməzlər? Bəlkə mən heç at əti yemirəm, yemərəm? Bunu bir soruşmazlar, ay eviniz tikilsin? (Bunları öz-özümə düşünüb gileylənirəm).

Hər kəsin bir yemək həssasiyyəti, süfrə kültürü var, bunu bir nəzərə almazlarmı?! Adam diksinər, xəstələnə bilər axı…

Nə isə.

Day bilmədim nə edim…

Yeməyi geri qaytarmaq, süfrədən durmaq da istəmədim, bu kobudluq, ədəbsizlik olardı. Nə də olsa qonağam. Ev sahibinin xətrinə dəymək olmaz. Sayıb, əziz bilib dəvət edib, süfrəsini açıb, yeməyini paylaşıb…

Qonaq ev sahibinin süpürgəsidir, hara qoyar, önünə nə gətirər.., hikmətindən sual edilməz.

Dinməzcə qalan tikəni də bir təhər — elə bil öz ətimi çeynəyirmiş kimi — çeynəyib udmağa çalışıram. Gözümü yumub, yadıma tamam başqa mövzuları salmağa, fikrimi mümkün qədər yediyim şeydən yayındırmaq çalışıram.

Özümü zorlayaraq 68 dəfə çeynədikdən sonra bir təhər uddum.

İndi fikrimi yayındırmağa çalışıram. Yadıma məni ən çox maraqlandıran məsələləri, daha çox konflikt mövzularını salıram: mollalar, Türkiyəni başına almış, başına daş olmuş yobazlıq, baş bəlamıza çevrilmiş və gündən-günə artan dinbazlıq, cəhalət, Rusiya-Ukrayna müharibəsi, Tramp kişinin laubalı halı və bəyanatları, Ermənistandakı seçkilər, Paşinyan-zad…

Amma beynimin bilmirəm sağmı ya solmu, hansısa bir yarımkürəsindən durmadan eyni səs gəlir:

“Mən at əti yeyirəm.”

“Bu yediyim at ətidir.”

“Mən ömrümdə ilk dəfə bilmədən at ətinin dadına baxası oldum.”

“Mən daha “at əti yeməmişəm” deyə bilməyəcəm”.

“Bu gün at əti yeyən, sabah it əti də yeyər”.

“Ay qarnında gora getsin!”…

Bu fikirlər elə bil qulağımın dibində kilsə zəngi kimi dayanmadan səslənirdi. Ha fikrimi yayındırmağa çalışıram, alınmır. Özüm özümlə danışıram, amma düşüncəmin səsini eşidirəm:

“Mənim yemək, süfrə bəkarətim pozuldu artıq.”

At əti yediyimin bilinci ilə ağzımdakı son tikəni öz dilimi çeynəyirmiş kimi əzabla, mədə ağrısıyla, öyümə həddinə çatan bir işgəncə ilə çeynəyib uddum.

Ömrümdə heç vaxt yediyim bir şeydən bu qədər diksinərək yemək məcburiyyətində qalmamışdım.

Sonra yadıma illər əvvəl dil kursunda oxuyanda bir koreyalı xanım kurs yoldaşım düşdü.

Bir gün öyrədənimiz dedi ki, hər kəs evdən öz milli yeməklərindən hazırlayıb gətirsin, ümumi süfrə açacağıq.

Bu koreyalı bacı da nəsə düyülü-ətli bir yemək gətirmişdi. Hamını qonaq elədi. Bir qismət da mən yedim.

İndi qara qayğı canımı alıb:

Görəsən onun gətirdiyi, mənim yediyim o ət nə əti idi?

P.S. Qadasını-qoxusunu alım öz yeməklərimizin, başına dolanım öz süfrəmizin, öz kulinariya MƏDƏniyyətimizin...

 





13.05.2026    çap et  çap et