Donald Trampın Çin səfəri zamanı onu ABŞ-ın ən böyük şirkətlərinin rəhbərləri müşayiət edir. Nümayəndə heyətində texnologiya, aviasiya və sənaye sektorlarını təmsil edən bir sıra tanınmış icraçı direktorlar yer alıb.Ağ Evin adının açıqlanmasını istəməyən rəsmisinin “Associated Press” agentliyinə verdiyi məlumata görə, heyətdə İlon Mask, Tim Kuk, Kelli Ortberq və Yensen Huanq da var.
“Tesla” və “SpaceX”in rəhbəri İlon Mask uzun illərdir Çin bazarında fəal iştirak edir. “Tesla”nın Şanxayda iri istehsal müəssisəsi fəaliyyət göstərir və Mask daha əvvəl də işgüzar məqsədlərlə Çinə bir neçə dəfə səfər edib.
“Apple”ın baş direktoru Tim Kuk şirkətin qlobal istehsal zəncirində Çinlə sıx əməkdaşlıq etdiyi üçün Vaşinqton-Pekin münasibətlərində mühüm rol oynayan biznes liderlərindən sayılır. Kuk yaxın aylarda vəzifəsini tərk edəcəyini açıqlasa da, şirkətin idarə heyətində fəaliyyətini davam etdirəcək.
“Boeing”in rəhbəri Kelli Ortberq Çinlə mümkün iri həcmli təyyarə satışlarının müzakirə olunduğu bir dövrdə səfərdə iştirak edir. Çin “Boeing” üçün ən vacib xarici bazarlardan biridir.
“NVIDIA”nın baş direktoru Yensen Huanq isə süni intellekt çiplərinin Çin bazarına çıxışı ilə bağlı ABŞ ixrac məhdudiyyətlərinin yumşaldılması məsələsində maraqlıdır.
Nümayəndə heyətində həmçinin “Cargill”in rəhbəri Briyan Sikes, “Meta”nın yüksək vəzifəli meneceri Dina Pauell MakKormik və “Qualcomm”in baş direktoru Kristiano Amonun da yer aldığı bildirilir.
Trampın Çin səfəri fonunda ticarət münasibətləri, texnologiya ixracı, tariflər və investisiya məsələlərinin əsas gündəm mövzuları olacağı gözlənilir.
çap et