Ağlıma gəlməzdi ki, tələbə vaxtı oxuduğum bir kitab səhər tezdən – Donald Trampın Çin səfərini izləyərkən yadıma düşəcək. Çin lideri Si Cinpinq görüşdə “Fukidid tələsi” anlayışına toxunub…Fukidid (Thucydides, e.ə. 460–400) qədim yunan tarixçisi, hərbçisi və siyasi düşüncə tarixinin ən mühüm fiqurlarından biridir. Onun ən məşhur əsəri “Peloponnes müharibəsinin tarixi” kitabıdır. O, tarixə sadəcə keçmişin təsviri kimi deyil, gələcəkdə təkrar olunacaq siyasi davranışların modeli kimi baxırdı. Buna görə də Fukidid bu gün həm tarix elminin, həm də müasir geopolitikanın əsas düşüncə mənbələrindən biri hesab olunur.
“Fukidid Tələsi” (ing. Thucydides Trap) beynəlxalq münasibətlərdə çox məşhur bir anlayışdır.
Bu anlayışa görə yüksələn bir güc mövcud dominant dövləti qorxutduqda, böyük müharibə riski yaranır. Bu anlayışın əsası Fukididin məşhur cümləsindən gəlir. O, Peloponnes müharibəsini izah edərkən yazırdı: “Afinanın yüksəlişi və bunun Spartada yaratdığı qorxu müharibəni qaçılmaz etdi”.
Harvard professoru Qraham Allison bu anlayışı yenidən məşhurlaşdırdı. O, tarixi analiz edərək yazırdı ki, son 500 ildə yüksələn güclə dominant güc arasında 16 böyük qarşıdurmadan 12-si müharibə ilə nəticələnib. Misal kimi aşağıdakı müharibələr göstərilir:
1.Afina – Sparta
2. Almaniya – Britaniya imperiyası
3. Yaponiya — ABŞ (II Dünya müharibəsindən əvvəl)
4. SSRİ – ABŞ (Soyuq müharibə; burada nüvə balansı birbaşa savaşı əngəllədi)
Müasir dövrdə bu termin daha çox ABŞ – Cin münasibətlərinə tətbiq olunur. Çinin sürətlə iqtisadi, texnoloji və hərbi gücə çevrilir, ABŞ isə mövcud hegemon gücdür.
Yüksələn gücün (Çin) artan ambisiyaları, Mövcud gücün (ABŞ) qorxusu, qarşılıqlı etimadsızlıq, geosiyasi paranoya iki ölkəni tarixlərinin ən ciddi qarşıdurması ilə üz-üzə qoyur.
Si Cinpinq “Fukidid Tələsi” təhlükəsini dilə gətirərkən əslində ABŞ-Çin münasibətlərinin tarixi bir qarşıdurmaya çevrilməməsi mesajını verdi. Əsas sual da elə burdan çıxır:
“Çin və ABŞ Fukidid tələsini aşa biləcəkmi?”
Çin liderinin ifadə etmək istədiyi fikir bundan ibarətdir:
– Çin və ABŞ rəqib yox, tərəfdaş olmalıdır;
– Qarşıdurma hər iki tərəfə zərər verəcək;
– Böyük güclərin yanlış strateji hesablamaları dünyanı təhlükəyə sürükləyə bilər.
O, daha əvvəl də eyni mövqeni ifadə etmişdi:
“Dünyada əvvəlcədən yazılmış bir Fukidid tələsi yoxdur. Ancaq böyük dövlətlərin təkrar strateji səhvləri belə bir tələ yarada bilər”.
Bu, çox mühüm geopolitik mesajdır. Çünki Çin rəhbərliyi ABŞ-la münasibətləri “qaçılmaz müharibə” kimi deyil, “idarə olunmalı rəqabət” olaraq təqdim etməyə çalışır.
Yəni Si Cinpinq demək istəyir ki, problem yüksələn Çin deyil; problem tərəflərin qorxu və yanlış reaksiyalarının idarə olunmamasıdır…
çap et