Vaxt.Az

Trampla Si Cinpinin təkbətək görüşü


 

ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları

Trampla Si Cinpinin təkbətək görüşü Çinin paytaxtı Pekində Donald Tramp və Si Cinpin arasında yüksək səviyyəli görüş keçirilib. Tərəflər həm ikitərəfli münasibətləri, həm də qlobal gündəmi əhatə edən məsələləri müzakirə ediblər.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, görüş zamanı Çin lideri Si Cinpin ABŞ ilə münasibətlərdə yeni mərhələnin açılmasına hazır olduqlarını bildirərək, “Çin və ABŞ zamanın çağırışlarına birlikdə cavab verməlidir” ifadəsini işlədib. O, iki ölkə arasında rəqabətdən çox ortaq maraqların üstünlük təşkil etdiyini vurğulayıb və qarşılıqlı inkişafın qlobal sabitliyə töhfə verəcəyini qeyd edib.

Si Cinpin iqtisadi və ticarət əlaqələrinə də toxunaraq, Çin və ABŞ arasındakı iqtisadi əlaqələrin qarşılıqlı faydaya əsaslandığını bildirib. O, “ticarət müharibələrinin qalibi olmur” deyərək, mövcud ziddiyyətlərin yalnız bərabər əsaslı dialoqla həll edilə biləcəyini qeyd edib.

Çin lideri həmçinin Tayvan boğazı məsələsinə toxunaraq, bölgədə sülh və sabitliyin qorunmasının iki ölkə üçün ən vacib ortaq maraq olduğunu bildirib.

Donald Tramp görüşdə ABŞ və Çin münasibətlərinin əvvəlkindən daha güclü olacağına inandığını bildirib. O, “Birlikdə möhtəşəm bir gələcəyimiz olacaq” və “bu, bəlkə də tarixdəki ən böyük zirvədir” ifadələrini işlədib.

Tramp Çin liderinə və xalqına hörmət etdiyini qeyd edərək, iki ölkənin birgə əməkdaşlıqla həm regional, həm də qlobal problemlərin həllində mühüm rol oynaya biləcəyini bildirib.

Görüşün əsas diqqət çəkən məqamlarından biri də Tayvan məsələsi olub. Çin tərəfi bu məsələnin ABŞ–Çin münasibətlərində “ən həssas xətt” olduğunu vurğulayıb və yanlış idarə olunacağı təqdirdə ciddi gərginliklər yarana biləcəyi barədə xəbərdarlıq edib.

Si Cinpin Tayvanın müstəqilliyi və bölgədə sülhün mümkünsüz anlayışlar olduğunu qeyd edərək, ABŞ-dən bu məsələdə ehtiyatlı davranmağı tələb edib.

Tərəflər görüşdə Yaxın Şərq, Ukrayna və Koreya yarımadasındakı vəziyyət də daxil olmaqla bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. Eyni zamanda, NATO və digər qlobal platformalar çərçivəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyalar və ABŞ şirkətlərinin Çin bazarındakı fəaliyyəti də gündəmə gətirilib. Si Cinpin Çin bazarının açıq qalacağını və əməkdaşlığın genişlənməsinin dəstəkləndiyini bildirib.

Tərəflər görüşün sonunda ikitərəfli münasibətlərdə “yeni strateji yol xəritəsi” üzərində razılığa gəldiklərini və gələcək üç il üçün əlaqələrin istiqamətinin müəyyən edildiyini qeyd ediblər. ABŞ və Çin liderləri həmçinin beynəlxalq iqtisadi platformalar olan APEC və G20 çərçivəsində əməkdaşlığın davam etdirilməsinə sadiq olduqlarını bildiriblər.

 





14.05.2026    çap et  çap et