ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü Azay Quliyevin sözlərinə görə, Azərbaycanın bu sessiyaya ev sahibi seçilməsi təsadüfi deyil:
- Bu gün ölkəmiz beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməklə yanaşı, həmin qurumların işində fəal iştirak edir. Bu baxımdan da bir çox ölkələrin ev sahibliyi etmək üçün səylər göstərdiyi bu sessiyanın Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan siyasi çəkisinin, eyni zamanda, dövlətimizə olan etimad və inamın göstəricisidir.
Məlumat üçün bildirim ki, «Helsinki + 40: Hər kəs üçün insan təhlükəsizliyinə doğru» adlı sessiyada ümumilikdə 68 ölkədən (57 iştirakçı dövlət və 11 əməkdaşlıq üzrə tərəfdaş ölkədən) siyasətçilər, deputatlar, jurnalistlər və onları müşayiət edəcək nümayəndələrin iştirakı gözlənilir. Bildiyiniz kimi, ATƏT PA-da iştirakçı ölkələri təmsil edən 323 deputat var. Digər qonaqları da nəzərə alsaq, ümumilikdə təqribən 500 nümayəndənin sessiyaya qatılacağı gözlənilir.
Qeyd edim ki, sessiya media nümayəndələri üçün tam açıq olacaqdır. Tədbiri işıqlandırmaq istəyən media nümayəndələri müvafiq qaydada qeydiyyatdan keçərək iştirak edə bilərlər.
Həmçinin gələn il Helsinki Yekun Aktının qəbulunun 40 illiyidir. Bu baxımdan Bakıda keçiriləcək sessiya bu sənədin qəbulunun 40 illiyinə hazırlıq üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Bakıda 2015-ci ilin illik sessiyası üçün mühüm məsələlərin müzakirə olunacağı, qətnamələrin və qərarların qəbul ediləcəyi gözlənilir.
Eyni zamanda, sessiyada Assambleyanın rəhbər orqanlarına seçkilər keçiriləcəkdir. Bununla yanaşı, ATƏT PA-nın hər üç komitəsinin: Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin, İqtisadiyyat, Elm, Texnologiya və Ətraf Mühit üzrə Komitənin və Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçiləri tərəfindən hazırlanmış qətnamə layihələri və hesabatlar da sessiyada dinləniləcəkdir. Sessiyanın yekununda isə həm plenar iclasda, həm də hər üç komitədə qəbul edilən qətnamələr vahid Bakı Bəyannaməsi adı altında təsdiq olunacaq.
- Siz ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavinisiniz. Bu komitənin gündəliyində hansı məsələlər var?
- Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin hesabatında – Silahlı Qüvvələrə Demokratik Nəzarət və Vyana Sənədi, ATƏT-in gələcəyi, Vyana Sənədinin təkmilləşdirilməsi və Ənənəvi Silah Nəzarətinin perspektivi, dəyişən geosiyasi vəziyyət - yeni təhlükələr və Ukraynada baş verən son hadisələr yer alıb.
Həmçinin komitənin məruzəçisi tərəfindən hazırlanmış qətnamədə mühüm əhəmiyyət kəsb edən bir neçə məsələ də əksini tapıb. Qətnamə layihəsi Helsinki Yekun Aktında qeyd edilən iştirakçı dövlətlərin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət etməyin vacibliyini vurğulayır. Eyni zamanda, ərazilərin işğalı zamanı saxta referendumların qarşısının alınması üçün hüquqi bazanın gücləndirilməsi və referendum keçirilən zaman ölkə konstitusiyalarının və müvafiq beynəlxalq standartların nəzərə alınmasının vacibliyi də sənəddə əksini tapıb. Qeyd edim ki, Azərbaycanın milli maraqlarına cavab verən hər iki maddə qətnamə layihəsinə bizim nümayəndə heyətinin təklifi ilə salınıb.
- Azay müəllim, Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın fəaliyyətində fəallığı ilə seçilir. Bizim üçün maraqlıdır, yüksək fəaliyyəti ilə seçilən Azərbaycan nümayəndə heyəti bu dəfə sessiyada hər hansı sənədin qəbul olunması təşəbbüsü ilə çıxış edəcəkmi?
- Sessiyaya ümumilikdə ATƏT PA-nın üzvləri tərəfindən fərdi qaydada 14 qətnamə layihəsi təqdim olunub. Onlardan biri də müəllifi olduğum «ATƏT regionunda mədəni mülkiyyətin qorunması» adlı qətnamə layihəsidir. Mədəni mülkiyyətin qorunması məsələsi bu gün çox aktual mövzudur. Hazırda, bildiyiniz kimi, Azərbaycanın işğal olunmuş ərazilərində, həmçinin ATƏT regionunda mövcud olan digər oxşar ərazilərdə ayrı-ayrı mədəni abidələrin - dini ibadət yerlərinin, qəbiristanlıqların qorunması ilə bağlı çox ciddi problemlər var. Ona görə də bu aktual məsələni Azərbaycanın ATƏT qarşısında qaldırması və onun Assambleyanın gündəliyinə salınması olduqca mühüm əhəmiyyət kəsb edir.
Qətnamə layihəsində çox mühüm müddəalar - işğal altında olan torpaqlarda yerləşən tarixi-mədəni abidələrin dağıdılması, formasının dəyişdirilməsi, özgəninkiləşdirilməsi, oğurlanması, qəsb edilməsinin pislənməsi ilə yanaşı, iştirakçı dövlətlərin bu cür hərəkətlərə yol verənlərə qarşı tədbirlər görməsi və tarixi abidələrin qorunması mexanizmlərinin təsis edilməsi kimi məsələlər qaldırılıb. UNESCO-nun və digər beynəlxalq təşkilatların siyahısında olub-olmamasından asılı olmayaraq, böyük əhəmiyyətə malik mədəni irsin qəsdən dağıdılmasının qadağan edilməsi, qarşısının alınması və bu hərəkətə görə cəza verilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi layihədə açıq qeyd edilib. Bu qətnamənin qəbul olunacağı halda işğal edilmiş ATƏT ərazilərində, o cümlədən Azərbaycanın zəbt olunmuş torpaqlarında mədəni irs nümunələrinin dağıdılması, məhv edilməsi və tarixi saxtalaşdırılmasının qarşısının alınması istiqamətində yeni bir beynəlxalq sənədin təsdiqinə nail olacağıq. (AzərTAc)