Vaxt.Az

SEPAH-a ərəb zərbəsi


 

Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım

SEPAH-a ərəb zərbəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreyn son günlərdə İran, daha dəqiq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regiondakı terror şəbəkələrinə qarşı təhlükəsizlik və hüquq müstəvisində mühüm addımlar atıblar.

VAXT.AZ xəbər verir ki, bu addımlar Körfəz ölkələrinin öz təhlükəsizlik və suverenlik məsələlərində kompromisə getməyəcəyini nümayiş etdirir. Eyni zamanda, region dövlətlərinin sabitliyi təhdid edən hər hansı fəaliyyətə qarşı koordinasiyalı şəkildə hərəkət etməyə hazır olduqlarını göstərir.

BƏƏ Livandakı İranın dəstəklədiyi “Hizbullah” ilə əlaqəli 21 nəfər və qurumu yerli terror siyahısına daxil edib. Siyahıya 16 Livan vətəndaşı və Livanda qeydiyyatdan keçmiş beş təşkilat salınıb. Qərara əsasən, həmin şəxslər və qurumlarla əlaqəli bütün aktivlər 24 saat ərzində dondurulmalıdır.

Küveyt Daxili İşlər Nazirliyi dəniz yolu ilə ölkəyə daxil olmağa çalışan və SEPAH ilə əlaqəli olduğu bildirilən dörd nəfərin saxlanıldığını açıqlayıb. Hadisə Bubiyan adası yaxınlığında baş verib. Rəsmi Küveyt bu hadisəni ölkənin suverenliyinə qarşı düşmən addımı kimi qiymətləndirib.

Bəhreyndə isə məhkəmə SEPAH-a casusluqda təqsirləndirilən üç nəfərə ömürlük həbs cəzası verib. İş üzrə digər təqsirləndirilən şəxslərə müxtəlif müddətli həbs cəzaları və maliyyə sanksiyaları tətbiq olunub.

Analitiklər hesab edirlər ki, bu qərarlar Körfəz monarxiyalarının İranın regiondakı fəaliyyətini daha ciddi təhlükə kimi qəbul etdiyini göstərir. Son addımlar həm də Vaşinqtonla təhlükəsizlik əməkdaşlığının gücləndiyi bir dövrdə regional təhlükəsizlik strategiyasının sərtləşdiyini ortaya qoyur.

 





15.05.2026    çap et  çap et