Vaxt.Az

Nə müalicəsi var, nə də peyvəndi


 

Avropa Dərman Agentliyindən hantavirus etirafı

Nə müalicəsi var, nə də peyvəndi Avropa Dərman Agentliyi (European Medicines Agency – EMA) son günlər qitədə gündəmə gələn hantavirus yoluxmaları ilə bağlı açıqlama yayıb.

VAXT.AZ “AFP”yə istinadən xəbər verir ki, qurumun məlumatına görə, hazırda hantavirusa qarşı spesifik müalicə və təsdiqlənmiş peyvənd yoxdur. Mövcud yanaşma yalnız xəstələrin vəziyyətini yüngülləşdirməyə yönələn dəstək müalicəsindən ibarətdir.

EMA-nın mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin nümayəndəsi Yasmina Alkazar bildirib ki, heyvanlardan insanlara keçən bu virusla bağlı peyvənd və antikor əsaslı müalicə istiqamətində aparılan tədqiqatlar hələ ilkin mərhələdədir.

Onun sözlərinə görə, bu sahədə hazırlanan yanaşmalar hələ klinik sınaqlara tam keçməyib və effektivlik barədə yekun nəticələr yoxdur.

Qurum həmçinin COVID-19 dövründə istifadə edilən antiviral preparat Favipiravir ilə bağlı da məlumat yayıb. Bildirilib ki, bu dərmanın hantavirusun müalicəsində effektiv olduğuna dair kifayət qədər elmi sübut yoxdur.

Avropa Dərman Agentliyi qeyd edir ki, hər hansı antiviral preparatın istifadəsi yalnız laborator və klinik sınaqlardan sonra təsdiqlənə bilər.

EMA prosesin Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi ilə birlikdə yaxından izlənildiyini açıqlayıb. Qurum daxilindəki fövqəladə vəziyyət üzrə işçi qrupunun mümkün yeni müalicə və peyvənd tədqiqatlarına dəstək verməyə hazır olduğu bildirilib.

Eyni zamanda, EMA-nın gəmiricilər vasitəsilə yayılan oxşar viruslar üzrə işləyən əczaçılıq şirkətlərini də xəritələndirdiyi qeyd olunub.

Hantavirus əsasən gəmiricilərin ifrazatları vasitəsilə insana keçir. Yoluxma yüksək hərarət, əzələ ağrısı, halsızlıqla başlayıb, ağır hallarda nəfəs çatışmazlığı, böyrək problemləri və daxili qanaxmaya qədər inkişaf edə bilər.

“MV Hondius” gəmisində İspaniya sahilləri yaxınlığında qeydə alınan hantavirus halları Avropada narahatlıq yaradıb. Hadisədən sonra Fransa daxil olmaqla bir neçə ölkə xəbərdarlıq səviyyəsini artırıb və yoluxmuş sərnişinlər karantinə alınıb.

 





15.05.2026    çap et  çap et