Vaxt.Az

6 ildə 165 milyon baqaj itib


 

Ənənəvi problem hava limanlarının milyardlarla dollar ziyan vurur

6 ildə 165 milyon baqaj itib Təyyarə ilə səyahət edən sərnişinlərin ən böyük narahatlıqlarından biri olan itmiş baqaj problemi dünya üzrə aktual olaraq qalır. Aviaşirkətlər və hava limanları 2024-cü ildə ümumilikdə 33,4 milyon baqajın itdiyini, gecikdiyini və ya yanlış istiqamətə göndərildiyini açıqlayıblar.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və aviasiya texnologiyaları şirkəti SITA bildirir ki, hava limanlarında istifadə olunan baqaj izləmə sistemlərinin bir hissəsi artıq köhnəlib və artan sərnişin axını qarşısında əvvəlki qədər effektiv işləmir.

Misirin paytaxtı Qahirə şəhərində keçirilən aviasiya logistikası konfransında çıxış edən IATA-nın Yerüstü Xidmətlər üzrə direktoru Monika Mejstrikova bildirib ki, bir çox hava limanında baqaj prosesləri hələ də əl ilə məlumat daxil edilməsi və oflayn sistemlər vasitəsilə həyata keçirilir. Onun sözlərinə görə, bu vəziyyət baqajların səhv təyyarələrə yüklənməsinə, transfer zamanı yanlış marşrutlara yönləndirilməsinə və ciddi gecikmələrə səbəb olur.

SITA-nın məlumatına görə, 2024-cü ildə hər 1000 sərnişindən orta hesabla 6,3-ü baqaj problemi ilə üzləşib. Bu göstərici 2023-cü ildə 6,9 idi. Başqa sözlə, sərnişin sayı rekord həddə yüksəlsə də, nisbi göstəricidə müəyyən yaxşılaşma qeydə alınıb.

Bununla belə, ümumi rəqəmlər hələ də yüksək olaraq qalır. Problem yaşayan 33,4 milyon baqajın 66%-dən çoxu ilk 48 saat ərzində sahiblərinə çatdırılıb. Lakin qalan milyonlarla çamadan üçün gecikmələr və əlavə xərclər yaranıb.

Son illərin statistikası göstərir ki, problem dalğavari şəkildə dəyişib. 2007-ci ildə dünya üzrə 46,9 milyon baqajla bağlı problem qeydə alınmışdı. 2019-cu ildə bu göstərici 25,4 milyona qədər azalmışdı. Pandemiya dövründə sərnişin sayının kəskin düşməsi nəticəsində 2020-ci ildə problemli baqajların sayı təxminən 21-22 milyon, 2021-ci ildə isə 24 milyon civarında qiymətləndirilir. 2022-ci ildə bu rəqəm yenidən 26 milyona yüksəlib. 2023-cü ildə isə 33,8 milyon baqajın itib, gecikdiyi və ya səhv istiqamətə göndərildiyi bildirilib. 2024-cü ildə göstərici cüzi azalaraq 33,4 milyon olub.

Regional göstəricilərə görə, Avropa ən problemli bölgələrdən biri olaraq qalır. Burada hər 1000 sərnişindən orta hesabla 12,3-ü baqaj problemi yaşayır ki, bu da dünya üzrə orta göstəricidən təxminən iki dəfə yüksəkdir.

SITA-nın hesablamalarına görə, yalnız 2024-cü ildə baqaj problemlərinin aviaşirkətlərə ümumi maliyyə yükü 5 milyard dollara yaxın olub. Bu məbləğə kuryer xidmətləri, kompensasiya ödənişləri, müştəri xidmətləri və yenidən yönləndirmə xərcləri daxildir.

Araşdırmaya əsasən, bütün baqaj gecikmələrinin 41%-i aktarma uçuşları zamanı baş verən transfer xətaları ilə bağlıdır. Digər əsas səbəblər arasında etiketləmə problemləri, yükleme səhvləri və təhlükəsizlik yoxlamaları yer alır.

IATA problemin həlli üçün “Baggage Information eXchange” (BIX) adlı vahid rəqəmsal məlumat mübadiləsi standartının geniş tətbiqini təklif edir. Qurum hesab edir ki, hava limanları və aviaşirkətlər eyni məlumat platformasında işləsələr, baqaj itkilərinin sayı əhəmiyyətli dərəcədə azalacaq.

Mütəxəssislərin fikrincə, son 15-20 ildə nisbi göstəricilər yaxşılaşsa da, sərnişin sayının sürətlə artması səbəbindən itən və ya gecikən baqajların ümumi sayı hələ də milyonlarla ölçülür. Bu isə göstərir ki, baqaj idarəetməsi qlobal aviasiya sənayesinin ən həssas sahələrindən biri olaraq qalır.

 





20.05.2026    çap et  çap et