Bu il də milyonlarla müsəlman həcc ibadətini yerinə yetirmək üçün Məkkədə bir araya gəlib. Lakin İran ətrafında davam edən müharibə və bölgədəki hərbi gərginlik builki həcc mövsümünü son illərin ən riskli dini ibadətlərindən birinə çevirib.VAXT.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanı rəsmiləri təxminən 1,5 milyon zəvvarın ölkəyə gəldiyini açıqlayıb. Türkiyə, Pakistan, Əfqanıstan, Almaniya, Malayziya, Banqladeş və digər onlarla ölkədən gələn müsəlmanlar artıq müqəddəs torpaqlardadır.
Həcc ziyarəti 24 mayda başlayacaq və 29 mayda başa çatacaq. Azərbaycanın sonuncu zəvvar qrupları iki gün əvvəl yola düşdü. Onların geri dönüşlərinin Qurban bayramından sonra başlanacağı bildirilib.
ABŞ və İsrailin 28 fevralda İrana qarşı başladığı hücumlardan sonra Yaxın Şərqdə yaranan müharibə atmosferi builki həcc mərasimlərinin təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradıb.
Çünki İran cavab zərbələri zamanı Körfəz ölkələrini, o cümlədən Səudiyyə Ərəbistanını da hədəfə almaqla hədələmişdi. Hazırda ABŞ və İran arasında atəşkəs qüvvədə qalsa da, onun nə qədər davam edəcəyi qeyri-müəyyən olaraq qalır.
Səudiyyə Ərəbistanı ötən həftə sonu İraqdakı İranmeyilli qruplar tərəfindən buraxıldığı ehtimal edilən üç pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp isə atəşkəs elan olunandan sonra bir neçə dəfə İrana yenidən zərbə endirilə biləcəyi barədə xəbərdarlıq edib. Daha sonra bəzi ölkələrin müraciətindən sonra hücum qərarının təxirə salındığını açıqlayıb. Tramp əvvəl Pakistanın vasitəçiliyi ilə, son olaraq isə Körfəz ölkələrinin xahişi əsasında hücum planını ertələdiyini bildirib.
Tarixçilərin sözlərinə görə, müsəlmanların 14 əsrdən artıqdır davam etdirdiyi həcc ibadəti tarix boyu təxminən 40 dəfə ya tam dayandırılıb, ya da ciddi şəkildə məhdudlaşdırılıb.
Sonuncu böyük məhdudiyyət COVID-19 pandemiyası zamanı tətbiq edilmişdi. Həmin dövrdə Səudiyyə Ərəbistanı virusun yayılmasının qarşısını almaq üçün zəvvar sayını kəskin azaltmışdı.
Bu dəfə isə Ər-Riyad rəhbərliyi müharibə riskinə baxmayaraq həcc mərasimlərini məhdudlaşdırmamaq qərarı verib və “zəvvarların təhlükəsizliyi bizim qırmızı xəttimizdir” açıqlamasını yayıb.
Bu arada ABŞ administrasiyası ilk dəfə olaraq müsəlman vətəndaşlarına builki həcc qərarını yenidən nəzərdən keçirməyi tövsiyə edib. Vaşinqton mart ayının əvvəlində fövqəladə hallar istisna olmaqla hökumət əməkdaşlarına Səudiyyə Ərəbistanını tərk etmək göstərişi verildiyini də xatırladıb.
Almaniya və Birləşmiş Krallıq da daxil olmaqla bir sıra Avropa ölkələri Səudiyyə Ərəbistanı ilə bağlı səyahət xəbərdarlıqları yayımlayıb.
Dünyada ən çox həcc zəvvarı göndərən ölkələrdən biri olan İndoneziya əvvəlcə ehtiyatlı mövqe tutsa da, sonradan səfərlərə yaşıl işıq yandırıb. Hökumət hətta mümkün fövqəladə vəziyyət üçün təxliyə planlarının hazırlandığını açıqlayıb.
Ekspertlər hesab edir ki, İranın dini, siyasi və strateji səbəblərə görə Məkkəyə və zəvvarlara hücum etməsi real görünmür.
Birincisi, müqəddəs məkanlar bütün müsəlman dünyası üçün toxunulmaz hesab olunur. İkincisi, bu il də təxminən 30 min iranlı zəvvar Səudiyyə Ərəbistanında həcc ziyarətində olacaq.
Bununla belə, risklərin tam aradan qalxmadığı vurğulanır. Səudiyyə hökuməti yaxın günlərdə müqəddəs ərazilərin ətrafında yerləşdirilmiş “Patriot” hava hücumundan müdafiə sistemlərinin görüntülərini yayıb. Ə-Riyad yüksək hündürlüklü raketlərə, pilotsuz aparatlara və mümkün hava hücumlarına qarşı çoxqatlı müdafiə sistemi qurulduğunu açıqlayıb.
Lakin bəzi təhlükəsizlik analitikləri bildirirlər ki, hətta raketlərin havada vurulması zamanı dağıntı parçaları zəvvarların olduğu ərazilərə düşə bilər. Həmçinin pilotsuz aparatların idarədən çıxması və ya bölgədə nüvə obyektlərinə mümkün hücumların radioaktiv risk yaratması ehtimalları da istisna edilmir.
Yaxın Şərqdəki müharibə builki həcc ziyarətini iqtisadi baxımdan da daha çətin edib. Aviaşirkətlər biletlərin qiymətlərini artırıb, sığorta xərcləri yüksəlib, bir çox ölkədə valyuta dalğalanmaları və inflyasiya zəvvarların büdcəsinə ciddi təsir göstərib.
Hindistan, İndoneziya və Malayziya kimi ölkələrin hökumətləri hava nəqliyyatı şirkətləri ilə uzun danışıqlar aparmağa məcbur qalıb. Bəzi ölkələr əlavə xərclərin bir hissəsini öz üzərinə götürüb.
Səudiyyə Ərəbistanı zəvvarlar üçün səyahət sığortasını məcburi edib. Lakin bir çox sığorta şirkəti hərbi münaqişələri əhatə etmir. Müharibə risklərini əhatə edən sığorta paketləri isə xeyli baha başa gəlir.
Ekspertlər bildirirlər ki, builki həcc yalnız dini baxımdan deyil, həm də təhlükəsizlik və geosiyasi baxımdan son illərin ən həssas həcc mövsümlərindən biri hesab olunur.
çap et